Sanksiyalar və embarqolar səbəbindən Rusiyanın Qərb regionlarında ticarətinin dayanması logistik şəbəkənin Şimal-Cənub dəhlizinə üz tutmasını zəruri edir.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, bu xəttin ən mühüm tranzit ölkəsi olan İrandan keçən logistika dəhlizində ixrac daşımalarında uyğunsuzluqlar səbəbindən bəzi problemlər yaranıb.
Logistika üzrə ekspert Arkadi İvanov “Kommersant”a açıqlamasında deyib ki, İranla xarici ticarət ödənişlərinin qeyri-rəsmi “Hawala” köçürmə sistemi ilə edilir. Amma Asiya ölkələrində nağd ödənişlər adi hal olduğundan, ödənişlərdə müəyyən problemlər yaranır. Bundan əlavə, İran üzərindən daşımaların inkişafına əngəl törədən amillərdən biri də infrastrukturun yoxluğu və Xəzər dənizindəki yük limanlarının dayaz olmasıdır.
Mütəxəssislərin fikrincə, Şimal-Cənub İTC-nin inkişafı Rusiyaın cənub bölgələrindən kənd təsərrüfatı məhsullarının ixracını əhəmiyyətli dərəcədə artıracaq.
2022-ci ilin dekabrında Rusiya ilə İran arasında malların ticarət həcmi rekord həddə çatıb. İranın İqtisadiyyat və Maliyyə naziri Ehsan Handuzi Rusiyanın bu il Asiya ölkələrinin iqtisadiyyatlarına təxminən 2,76 milyard dollar sərmayə qoyduğunu və bu regionda ən böyük investor olduğunu açıqlayıb.
Bazar iştirakçılarının fikrincə, bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracı 2030-cu ilə qədər 30 milyon tona çata bilər. Bu baxımdan, xüsusilə İranla kommersiya əlaqələrinin inkişafına maliyyə müqavilələrinin təşkilinin özəllikləri, habelə Xəzər dənizində liman qurğularının və gəmilərin olmaması mane olur. Rusiya şirkətləri əmin edirlər ki, yaxın vaxtlarda bu ikinci problemi həll edəcəklər.
Ekspertlərin fikrincə, Rusiya İran üzərindən ümumi əhalisi 400 milyona yaxın olan Əfqanıstan, İraq və Pakistana quru nəqliyyatını təmin etmək və yeni bazarlar açmağı hədəfləyir. Bu kontekstdə Şimal-Cənub dəhlizi ilə Rusiya mallarının daşınmasının inkişafı üçün əsas problem ixrac-idxal və logistika xidmətlərinin ödənişlərində yaşanır. Hazırda qeyri-rəsmi Hawala köçürmə sistemi əvəzinə Mir kartının Iranın “Shetab” kartı ilə əlaqələndirilməsi üçün danışıqlar davam edir. Bu yeni sistem uğurlu olarsa, ticarətin əsas seqmenti olan kiçik və orta sahibkarlığın inkişafı üçün hərəkətverici qüvvə olacaq və region ölkələri ilə ticarətin qarşısındakı ən böyük maneə aradan qalxacaq.