Rusiyanın Ukraynaya qarşı başladığı qanlı müharibə səbəbindən tətbiq edilmiş beynəlxalq sanksiyalardan sonra rus milyarderlərin əksəriyyəti ailələri ilə birlikdə Dubaya köçüb.
Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, ilk dövrdə İstanbula olan tələbat qısa sürüb və böyük gözləntilər qarşılanmayıb. “Forbes” jurnalının rus nəşri yazır ki, milyarderlərdən sonra hüquqşünaslar, maliyyəçilər, sahibkarlar və startapçılar da Dubaya üz tutublar.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində nə qədər Rusiya vətəndaşının yaşaması barədə statistik məlumat yoxdur. Ancaq “Forbes” bəzi təxminlərin 500 minə çatdığına diqqət çəkir.
Jurnalın müxbirinə danışan iş adamı Sergey Lyalin Dubayın ruslar üçün əhəmiyyətini belə izah edib: “Dubay bir növ Londonun rolunu öz üzərinə götürüb, Rusiyada və keçmiş sovet respublikalarında mühacirət etmək istəyənlər üçün xarici dünyaya açılan pəncərə olub. İndi müqavilələr Dubaydakı şirkətlər və hüquqşünaslar vasitəsilə qurulur” deyə bildirib.
Jurnal yazır ki, Rusiya bankları da Dubaya genişlənməyə cəhd ediblər, lakin onlar adətən sanksiyaların maneələri üzündən uğursuzluğa düçar olurlar və ya diqqət çəkmədən bizneslə məşğul olmağa çalışırlar.