Ceyhun Bayramov Avstriyanın federal naziri ilə görüşüb

23:07 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 20-də Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub.

Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Oxunma sayı 34