Çinin Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində Çin-Avrasiya İnvestisiya və Ticarətin Təşviqi Mərkəzinin onlayn platformasının təqdimat mərasimi keçirilib. “Zhongguo Xinwenshe” xəbər agentliyinin məlumatına görə, platforma Çinlə Orta Asiya və Avropa ölkələri arasında ticarət əməkdaşlığını asanlaşdırmaq üçün hərtərəfli rəqəmsal mərkəz yaratmağı hədəfləyir.
Hafta.az yazır ki, sərhədlərarası əməliyyatlar aparan müəssisələrin ehtiyaclarına yönəlmiş bu platforma icazələrin alınması, biznes tərəfdaşlarının tapılması, gömrük rəsmiləşdirilməsi, logistika və risklərin qarşısının alınması üçün xidmətlər göstərir.
Bu platformanın konsulluq xidmətləri Qazaxıstan və Özbəkistan da daxil olmaqla Orta Asiya ölkələrinə şamil olunur. Bundan əlavə, platforma hazırda Orta Asiya ölkələrindəki sənaye parklarından resurslara vizual giriş təklif edir və şirkətlərə xaricdə əməliyyat şəraitini araşdırmağa imkan verir və investisiya qərarlarının xərclərini azaldır.
Çin-Avrasiya İnvestisiya və Ticarətin Təşviqi Mərkəzi 2025-ci ilin aprel ayında Urumçidə fəaliyyətə başlayıb və onun hərtərəfli xidmət mərkəzi həmin ilin avqust ayında açılıb.
Bu günə qədər mərkəz Çindən və xaricdən 350-dən çox şirkətə xidmət göstərib, artıq Qazaxıstan, Özbəkistan və Tacikistanda filiallarını açıb.