Çin hakerləri Niderland Müdafiə Nazirliyinin sisteminə sızıblar

09:53 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderlandda yerləşən iki kəşfiyyat agentliyinin yaydığı hesabatda deyilir ki, dövlət tərəfindən maliyyələşdirilən çinli hakerlər ötən il Niderland Müdafiə Nazirliyinin daxili kompüter şəbəkəsinə sızıblar.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, MIVD (Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) və AIVD (Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) abbreviaturaları ilə tanınan qurumlar bildiriblər ki, hakerlər nazirlik şəbəkəsi daxilində fəaliyyətlərini gizlədən mürəkkəb zərərli proqramlar hazırlayıblar.

İki qurum birgə bəyanat yayaraq, “Çin kompüter şəbəkələrində casusluq etmək üçün bu növ zərərli proqramlardan istifadə edir. Zərərli proqram xüsusi olaraq təşkilatların sistemlərində firewall kimi istifadə etdiyi Fortigate cihazları üçün hazırlanıb. İstehsalçı (Fortinet) bu məhsulu bütün dünyaya təmin edir" deyib.

Niderland ilk dəfə Çinin elektron casusluq fəaliyyətlərində iştirak etdiyini açıqlasa da, Pekinlə Haaqa arasında milli təhlükəsizliklə bağlı gərginlik də artır.

Çinin Niderlanddakı səfirliyi şərh sorğusuna cavab verməyib, Pekin isə kibercasusluq iddialarını ardıcıl olaraq rədd edir və hər hansı kiberhücum formasına qarşı olduğunu bildirir.

“Fortinet”in sözçüsü hadisə ilə bağlı sualları hələ cavablandırmayıb.

Keçən aprel ayında AIVD tərəfindən edilən illik qiymətləndirmədə Çinin Niderlandın iqtisadi təhlükəsizliyinə ən böyük təhlükə yaratdığı və yüksək texnologiya şirkətləri və universitetləri hədəf alan casusluq fəaliyyətlərinin davam etdiyi bildirilmişdi.

Əsas hədəf Niderlandın cənubunda yerləşən Veldhoven şəhərində yerləşən yarımkeçirici maşınları istehsalçısı və kompüter çiplərinin hazırlanmasında istifadə edilən dünyanın ən böyük maşın tədarükçüsü olan ASML şirkətidir.

MIVD keçən aprel ayında dərc edilən ayrı bir hesabatda "Çin Niderland kosmik texnologiyasını qanunsuz olaraq, o cümlədən ixrac məhdudiyyətlərindən yayınaraq əldə etməyə çalışır" deyib.