Çin Dövlət Təhlükəsizlik Nazirliyi ölkə daxilində xarici hökumətlərə bağlı 3 mindən çox meteoroloji müşahidə stansiyasının müəyyən edildiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazirlikdən verilən açıqlamada qeyri-qanuni qurulduğu bildirilən stansiyaların bəzilərinin hərbi bazalar kimi həssas nöqtələrin ətrafında yerləşdiyi bildirilib.
Ölkə üzrə 20 bölgəyə yayılmış stansiyaların milli təhlükəsizlik riski yaratdığı bildirilərkən, meteoroloji məlumatların qida və ekoloji təhlükəsizliklə sıx bağlı olduğu, bu məlumatların ölkədən çıxarılmasının ictimaiyyətin maraqlar baxımından yolverilməzliyi vurğulanıb.
Bildirilir ki, məsələn, bəzi müşahidə məntəqələri taxıl istehsalı sahələrinin yaxınlığında yerləşir və məhsulun inkişafını müşahidə etmək üçün nəzərdə tutulub.
Pekinin verdiyi açıqlamada, meteoroloji stansiyaların xarici hökumətlərin müvafiq qurumlarına anında məlumat təqdim etdiyi, buna görə də "gizli təhlükə" olaraq təyin olunduğu bildirilib.
İstintaq çərçivəsində ölkə daxilində yüzlərlə stansiya səlahiyyətlilər tərəfindən bağlanıb.
Açıqlamada Çində hansı ölkələrin meteoroloji müşahidələr apardığına dair məlumat verilməsə də, mövzu ilə bağlı Çin meteoroloji qurumlarından icazə alınmadığı və əldə edilən məlumatların icazəsiz xaricə ötürüldüyü bildirilib.
Meteoroloji stansiyalarla bağlı araşdırma, ölkədə geniş istifadə olunan sosial media platforması WeChat-da açıqlanıb. Çin kəşfiyyatı ötən yaydan WeChat-da aktivləşib və milli təhlükəsizliyin qorunması səyləri haqda tez-tez paylaşımlar edir.