Çin “Galactic Energy” tərəfindən hazırlanmış CERES-1 raketi ilə orbitə 7 peyk göndərib.
Hafta.az-ın yazdığına görə, bu missiya Qansu əyalətindəki Ciucuen Peyk Mərkəzindən həyata keçirilib və yerüstü müşahidə, məsafədən zondlama və rabitə peyklərini əhatə edib. Bu peyklərdən biri olan "Shiguang-1 01" hiperspektral və infraqırmızı kimi xüsusiyyətlərlə təchiz edilib və təbii ehtiyatların monitorinqindən tutmuş fəlakətin qarşısının alınmasına qədər bir çox sahədə istifadəsi planlaşdırılır. Eyni raketlə süni intellektə əsaslanan "WonderJourney-1A", "Starpool-1B" və dörd "Şian Hangtou" optik müşahidə peyki də orbitə buraxılıb.
Bildirilib ki, bütün peyklər planlaşdırılmış orbitlərində uğurla yerləşdirilib. Bu uğurlu missiya CERES-1 raketi ilə yerinə yetirilən yeddinci missiya idi. Bu raket, “Galactic Energy” kimi tanınan Pekin Şinghi Dongli Kosmik Texnologiya Şirkəti tərəfindən hazırlanmış modeldir. Raketin uzunluğu 19 metr, eni 1,4 metrdir və Aşağı Yer Orbitinə 350 kiloqrama qədər yük daşıya bilir.
Çin əsas kosmik proqramında tez-tez dövlətə məxsus “Long March” raketlərindən istifadə edir. Lakin bütün dünyada özəl sektorun kosmik sənayeyə marağının artması ilə belə görünür ki, Çin hökuməti də özəl sektorun təşəbbüslərini dəstəkləməyə üz tutur. “Galactic Energy” ilə yanaşı, Çin özəl firmaları “i-Space” və “Space Pioneer” də öz raketlərini buraxırlar.