Çin Türkiyə ilə bağlı ÜTT-yə yenidən şikayət etdi

10:35 17.01.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Ticarət Nazirliyi Türkiyənin Çindən idxal etdiyi elektriklə işləyən avtomobillərə tətbiq etdiyi gömrük rüsumlarına qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciətinin davamı olaraq Ankaranın idxal siyasətlərinin daha dərindən araşdırılmasını tələb edib və hüquqi prosesləri daha da irəli apara biləcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Çin Ticarət Nazirliyinin bu günki (17 yanvar) açıqlamasında Türkiyənin ÜTT tərəfindən Çindən idxal edilən elektriklə işləyən avtomobillərə tətbiqlədiyi yüksək gömrük rüsumlarının araşdırılması üçün ekspert qrupunun yaradılmasını istəyib.

Xatırladaq ki, rəsmi Pekin ötən ilin oktyabrında Türkiyənin elektrikli avtomobil idxalı ilə bağlı siyasətindən ÜTT-na şikayət etmişdi.

Ankara 2024-cü ilin iyun ayında Çindən idxal edilən elektrikli avtomobillərə 40 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Üstəlik, keçən ay plug-in hibrid avtomobillərin idxalına ciddi qaydalar qoyuldu. Bu addımlar Türkiyənin daxili bazarını qorumaq və yerli elektrikli avtomobil istehsalçılarına daha çox dəstək vermək məqsədi daşıyır.

Çinin davamlı olaraq Türkiyədən ÜTT-yə şikayət etməsinin arxasında bir neçə mühüm səbəb var. Hər şeydən əvvəl Çinin elektrik avtomobil sənayesində qlobal rəqabət üstünlüyü mövcuddur və Türkiyənin gördüyü vergi tədbirləri Çinin üstünlüyünü zəiflədir. Türkiyənin yerli istehsalçıları dəstəkləmək səyləri Çin şirkətlərinin bazarda daha geniş yer tutmasına mane olur.