Çin hökuməti dünən ABŞ vətəndaşı Con Şinq-Van Leunqu casusluqda ittihamlayaraq ömürlük həbs cəzasına məhkum edib. Bundan əlavə, 500 min yuan məbləğində var-dövləti də müsadirə edilib.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Con Şinq-Van Leunq 15 aprel 2021-ci ildə Çinin şərqindəki Suzhou şəhərində saxlanılıb. Honq-Konqda qeyri-müəyyən iqamətgahı olan 78 yaşlı kişiyə qarşı irəli sürülən cinayətlərin təfərrüatları hələlik açıqlanmayıb. Bu cür işləri və araşdırmaları bağlı qapılar arxasında aparan Çin çox vaxt sızma, məxfi məlumat əldə etmək və dövlət təhlükəsizliyini təhdid etmək kimi qeyri-informativ başlıqlardan yararlanır.
ABŞ-ın Pekindəki səfirliyinin sözçüsü CNN-ə verdiyi açıqlamada Vaşinqtonun qərardan xəbərdar olduğunu bildirib: “Dövlət Departamentinin xaricdə ABŞ vətəndaşlarının təhlükəsizliyindən daha üstün prioriteti yoxdur. Məxfiliyi qorumaq üçün əlavə şərh vermirik”.
Amerika mətbuatı yazır ki, Pekinlə Vaşinqton arasında münasibətlər son 50 ildə ən pis səviyyədədir. Ticarət, texnologiya, geosiyasət və hərbi üstünlük uğrunda rəqabətin düşmənçiliyə çevriləcəyindən ehtiyatlanır.
Əvvəlki aylarda ABŞ səmasında Çinə aid olduğu ehtimal edilən “casus” köpüyünün görünməsi münasibətləri daha da gərginləşdirib.
Çində başqa ölkələrin vətəndaşlarının casusluq ittihamı ilə həbs edilməsi qeyri-adi deyil. Martda Pekində Yaponiyanın “Astellas Pharma” əczaçılıq şirkətinin əməkdaşı da eyni səbəbdən saxlanılıb və o, 2014-cü ildə qəbul edilən anti-casusluq qanununa görə 17-ci Yaponiya vətəndaşı olub.
Dünya ictimai rəyində əksini tapan başqa bir halda isə iki Kanada vətəndaşı üç ilə yaxın həbsdə olub. 2018-ci ilin dekabrında saxlanılan keçmiş diplomat Maykl Kovriq və iş adamı Maykl Spavor ABŞ-ın tələbi ilə Kanadada tutulan Çin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin baş meneceri Menq Vançjounun sərbəst buraxılmasından az əvvəl azad ediliblər.
Çin bu iki Kanada vətəndaşını siyasi qisas məqsədilə həbs etdiyini təkzib edib. Lakin şirkətin İranla iş apardığı üçün ABŞ-ın tələbi ilə ev dustaqlığında saxlanılan Vançjounun azad edilməsi bu iddiaları gücləndirib.
Əvvəlki ay Pekin artıq qüvvədə olan anti-casusluq qanununu daha da gücləndirib. İyulun 1-dən qüvvəyə minəcək düzəlişlər həmçinin “milli təhlükəsizlik və maraqlarla bağlı sənədlərin, məlumatların və materialların” paylaşılmasını və dövlətə qarşı kiberhücumları cinayət məsuliyyətinə cəlb edir.