Çində tarixi məscid binasının minarəsinin dağıdılmasına qarşı müsəlmanlar küçələrə axışıb.
Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, Hui icmasından olan müsəlmanlar şənbə günü Yunnan əyalətində 14-cü əsrə aid Najiaying məscidinin minarəsinin sökülməsi cəhdlərinə etiraz edərək məscidin qarşısında etiraz aksiyası keçiriblər.
Təhlükəsizlik qüvvələri məscidə daxil olmaq istəyən kütlənin qarşısını almağa çalışarkən nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.
ABŞ-ın aparıcı media orqanlarından biri olan CNN-ə danışan, kimliyini açıqlamayan bir etirazçı, “Məscidə çatanda gördük ki, içərisinə kran qoyublar və minarəni sökməyə hazırlaşırlar” deyib.
Məlumata görə, nümayişlər zamanı 30-a yaxın etirazçı saxlanılıb.
Əraziyə 1000-ə yaxın polisin cəlb olunduğu, daha sonra təhlükəsizlik qüvvələrinin geri çəkildiyi və fəalların məscidə daxil olduğu bildirilib.
Digər tərəfdən, polisin kimliklərini müəyyən etdikləri nümayişçiləri bazar günü də saxlamağa davam etdiyi, bölgənin bəzi nöqtələrində internetin kəsildiyi deyilir.
Polisdən verilən açıqlamada etirazçılara təslim olmaq üçün 6 iyuna qədər vaxt verildiyi, bu tarixədək təslim olanların cəzalarının yüngülləşdiriləcəyi bildirilib.
ABŞ-da mühacirətdə yaşayan Hui fəalı Ma Junun paylaşdığı məlumata görə, Pekin rəhbərliyi indiyədək Yunnandakı 200 məscidin minarələrini və günbəzlərini söküb.
Xəbərdə Çin Dövlət Başçısı Si Cinpinin "Çinləşdirmə" kampaniyası çərçivəsində Yunnanda müxtəlif etnik qrup və inanclardan olan insanların sıxışdırıldığı iddia edilib.
Digər tərəfdən, Böyük Britaniyada yerləşən Amnesty International təşkilatı uyğur türkü Əbdülvəli Əbdürrəhmanın Çin tərəfindən Honq-Konqda saxlanıldığına dair bəyanatından geri çəkilib. Təşkilat Əbdürrəhmanla cümə günündən əlaqə saxlamaq mümkün olmadığını və onun Honq-Konq hava limanında Çin polisi tərəfindən zorla saxlanılmış ola biləcəyini iddia edib. Ancaq təşkilat bu gün paylaşdığı açıqlamada doktorantura təhsilini Cənubi Koreyada davam etdirən fəalın onlarla əlaqə saxladığını və Honq-Konqa heç vaxt getmədiyini bildirib.
Təşkilat səhvə görə üzr istəməsə də, hadisə ilə bağlı ətraflı məlumat paylaşmayıb.
Çin Sincan-Uyğur Muxtar Bölgəsində məcburi əmək, işgəncə və “yenidən təhsil düşərgəsi” şəklində həbsdə ittihamlanır. İnsan haqları təşkilatları iddia edir ki, bölgədə 1 milyona yaxın insan məcburi şəkildə konsentrasiya düşərgələrinə və həbsxanalara yerləşdirilir. ABŞ da uyğurlara münasibəti “soyqırım” kimi xarakterizə edir.