Çinli idxalçılar Rusiyaya mal tədarükünü dayandırırlar

09:15 02.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinli idxalçılar ödəniş problemləri səbəbindən Rusiyaya ikili təyinatlı məhsulların tədarükünü dayandırmaq qərarına gəliblər.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, elektronika, sənaye avadanlıqları və digər texniki məhsulların tədarükü ödənişlərin və ya əvvəlcədən ödənişlərin yekun yoxlanılmasına qədər dayandırılıb.

Bu vəziyyətin səbəbi xəbərlərdə avqust ayında qüvvəyə minən yeni sanksiya paketi çərçivəsində 46 Çin şirkətinin siyahıya alınması və Çindəki maliyyə qurumları tərəfindən edilən ödənişlərin diqqətlə araşdırılması ilə izah edilib.

“Opora Rossii” Rusiya Kiçik və Orta Biznes Assosiasiyasının sədr müavini Nikolay Dunayevin bəyanatına görə, sanksiyalar siyahısına daxil edilməyən məhsul və şirkətlər üçün belə ödənişlər keçmir, banklar bizneslə məşğul olmaqdan imtina edirlər. Bu, Çin istehsalçılarının və təchizatçılarının ehtiyatlı davranmağa və ödənişlər qəbul edilməzdən əvvəl malların göndərilməsini dayandırmağa səbəb olub.

Ekspertlərin fikrincə, bu mənfi hallar Rusiya bazarında müəyyən məhsulların qıtlığına və qiymət artımına səbəb ola bilər.

“Skif-Kargo” şirkətindən verilən açıqlamada neft-qaz sənayesi, enerji sektoru, maşınqayırma və tikinti üçün avadanlıqların tədarükündə çətinliklərin olduğu bildirilib.