Çinli investorlar Pekinin kriptovalyuta qadağasını necə aşır?

10:15 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” Çindəki kriptovalyuta investorlarının qadağalardan yan keçərək necə əməliyyatlar etdiklərini araşdırıb.

Hafta.az-ın yazdığına görə, xəbərdə Pekin rəhbərliyinin 2021-ci ildə kripto pullara qadağa qoymasına baxmayaraq, investorların fərqli üsullarla birjalarda ticarətə davam etdiyi bildirilib.

Nyu-Yorkda yerləşən Chainalysis blokçeyn təhlil firmasının məlumatlarına görə, çinli investorlar 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər kriptovalyuta əməliyyatlarından 86 milyard dollar xalis gəlir əldə ediblər.

Kriptovalyutanın saxlanması xidmətləri göstərən Ballet şirkətinin qurucusu Bobbi Li Çində yoxlamaların çətinliyinə diqqət çəkərək, "Bunları aşkar etmək çox çətindir. Çində 1,4 milyard insan yaşayır. Kimin nə aldığını haradan biləcəksiniz?" deyib.

Bildirilib ki, ölkədəki bir çox investor 2021-ci ildə qadağa qoyulana qədər xarici ölkələrdəki kriptovalyuta birjalarında açılmış hesablardan VPN vasitəsilə istifadə edib.

Bundan əlavə, investorlar ölkədə WhatsApp-ın ekvivalenti kimi istifadə edilən WeChat və Telegram kimi proqramlar vasitəsilə kriptovalyuta satıcıları ilə əlaqə saxlaya və əməliyyatlar apara bilərlər.

Bunlarla yanaşı köhnə üsullardan istifadə edənlər də var. Bəzi investorlar kafelərdə, restoranlar və ya camaşırxanalarda görüşə və əvvəlcədən razılaşaraq kriptovalyuta mübadiləsi apara bilərlər. Bunlardan bəziləri bank köçürmələri, digərləri isə fiziki alışlar vasitəsilə həyata keçirilir.

Sinqapur Milli Universitetindən Ben Çaroenvong bu əməliyyatlar haqqında deyib: "Əvvəllər arxa küçədə kiminləsə rastlaşırdınız və dilerə istədiyiniz şeyin müqabilində bir çanta pul verirdiniz. İndi çayxanaya gedib həmin adama verə bilərsiniz".

Xəbərdə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) 10 yanvarda elan etdiyi qərarla spot Bitcoin Exchange Traded Fund (ETF) müraciətlərini təsdiqlədiyi də xatırladılıb. SEC-in bu qərarı ilə investisiya şirkətlərinin müştəriləri adından Bitcoin-ə sərmayə qoymasına yol açılıb. Bildirilib ki, spot Bitcoin ETF-ləri investisiya hesabları vasitəsilə daha etibarlı şəkildə almaq olar, çünki onlar ciddi nəzarət edilən birjalarda alınacaq. Bununla belə, ekspertlər qeyd ediblər ki, SEC bazarlardan istifadə edən investisiya firmalarının sayı artdıqca onları izləməkdə çətinlik çəkə bilər.