COVID pasportu olmayan valideynlərlə bağlı TƏKLİF

16:28 20.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

 “Məktəb çox həssas bir yerdir. Məktəblərdə COVID pasportunun tələb olunması adi hal kimi qəbul edilməlidir. Düzdür, biz də hiss edirik ki, poliklinikalarda böyük növbələr var və əhalinin böyük kəsimini qısa müddətdə vaksinasiya etmək çətindir. Bununla yanaşı, düşünürəm ki, məktəb direktorları bu məsələni vətəndaşların xeyrinə olaraq həll etməlidirlər”. Bu fikirləri hafta.az-a açıqlamasında məktəbə sənəd təqdim etmək istəyən, lakin COVID pasportu olmadığından təhsil müəssisələrinə buraxılmayan valideynlərin şikayətlərinə münasibət bildirərkən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev deyib.

Millət vəkili vurğulayıb ki, əgər valideyn məktəbə sənəd təqdim etmək istəyirsə və onun COVID pasportu yoxdursa, bu işi pasportu olan yaxınlara həvalə etmək daha məqsədəuyğundur: “Yəni, bu məsələ məktəb daxilində qarşılıqlı anlaşma şəraitində nizamlanmalıdır ki, hansısa narazılıq yaranmasın. Bununla yanaşı, məktəblərdə çox ciddi şəkildə sanitariya qaydalarına əməl olumalıdır. Hesab edirəm ki, bütün müəllimlərin vaksinasiyadan keçirilməsi vacibdir. Çox maraqlı bir məsələ var ki, bizə daxil olan məlumatlara əsasən, bəziləri hələ də özləri üçün saxta vaksin pasportu əldə etməyə çalışırlar. Bu yolverilməzdir, ciddi və məsuliyyətli məsələdir. Əslində biz müəyyən dövrlərdə koronavirusa ciddi yanaşmadıq və ona görə də kütləvi şəkildə yayıldı. Ancaq bu təlqin edir ki, koronavirus olduqca təhlükəlidir. Bu virusun artıb azalacağını heç kim proqnozlaşdıra bilmir. Payızda, qışda yoluxma sayının yenidən artacağı bildirilir. Ona görə də düşünürəm ki, məktəb rəhbərliyi ilə Səhiyyə Nazirliyi anlaşmalıdırlar və vaksinasiya məntəqələrinin sayı artırılmalıdır. Əslində biz bu məsələni əvvəldən etməli idik ki, siniflər boş qalmasın. Əgər uşaq məktəbə gələcəksə,müəllim də gəlməlidir. Bu baxımdan əlavə  vaksinin cəlb olunmasına, əlavə məntəqələrin yaradılmasına böyük ehtiyac var”.

E. Əliyev həmçinin vurğulayıb ki, vaksinin könüllü deyil, məcburi olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, koronavirusdan xilas olmağın yeganə yolu vaksinasiyadır: “Vətəndaş da bunun məsuliyyətini öz üzərində hiss etməlidir. Bunun başqa yolu yoxdur. Bu məsələdə məcburiyyət sözü yaxşı səslənmir. Konkret olaraq məktəblərdə, mağazalara, mollara girişdə COVID pasportu tələb olunursa, bu mütləq hamımızda olmalıdır. Bu elə bilin ki, bizim ikinci şəxsiyyət vəsiqəmizdir. Bununla bağlı vətəndaşın özünün iradəsi, məsuliyyəti olmalıdır ki, getdiyin yerdən geri qaytarmasınlar. Vaksinasiya prosesinə insanlar təhlükə amili nəzərə alınaraq cəlb olunurlar. Hesab edirəm ki, elə ilk olaraq da səhiyyə və təhsil sahəsində çalışanlar tam tərkibdə vaksinasiya olunmalıdırlar ki, nə səhiyyədə, nə də təhsildə fəaliyyət dayansın. Bu istiqamətdə həm də müəllimlər özləri maarifləndirici iş aparmalıdırlar”.  

Oxunma sayı 59