Yanvarın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
Hafta.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb.
O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.
Sonra Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. O, bildirib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də inkişaf edir.
İclasda komitə sədri qeyd edib ki, hesabat dövründə komitənin 12 iclası keçirilib və 13 məsələyə baxılıb. “Taxıl haqqında”, “Atçılıq haqqında”, Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişikliklər müzakirə edilib, habelə, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Tahir Rzayev qeyd edib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 40 məktub, təklif, ərizə daxil olub. Müraciətin 22-si qaldırılan məsələlərin araşdırması və həlli üçün aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.
Hesabat dövründə komitə üzvləri ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəalıq göstərib, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak edib, şəhid ailələrinə və qazilərə dəstək verib, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərini məlumatlandırıblar.
Bundan başqa, aqrar sektorun inkişafı və perspektivləri ilə əlaqədar komitə üzvləri müvafiq dövlət qurumları ilə əlaqə saxlayıblar, müxtəlif konfrans, yığıncaq və tədbirlərdə, mətbuat səhifələrində çıxış ediblər.
Komitə sədri payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq tədbirlərdə videokonfrans formatında iştiraklarından söz açıb. O, ümumilikdə, Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini vurğulayıb.