Dərman sahəsində idxaldan asılı ölkəyik - Aktual

13:34 29.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan cari ilin birinci yarısında Azərbaycana 12,08 milyon ABŞ dolları dəyərində 290,22 ton dərman ixrac edib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən dərmanların dəyəri illik ifadədə 1,77 milyon dollar və ya 17,16 faiz artıb, həcmi isə 47,71 ton və ya 14,11 faiz azalıb.

Ötən ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 10,31 milyon dollar dəyərində 337,93 ton dərman ixrac edib.

Xatırladaq ki, Azərbaycan cari ilin 6 ayında müxtəlif ölkələrdən 322 771.26 ABŞ dolları dəyərində 16 245.56  ton əczacılıq məhsulları ixrac edib. Bu ilin ilk rübündə əczacılıq məhsullarının idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 3,94 faizini təşkil edib.

Maraqlıdır, görəsən, qonşu ölkədən ixrac olunan dərmanlarının dəyərinin illik ifadədə artması, həcminin isə azalması nə ilə bağlıdır? Bunun yerli bazarlara təsiri hansı səviyyədə olacaq?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycan dərman sahəsində idxaldan asılı bir ölkədir: “Səhv etmirəmsə, biz ötən il 450 milyon dollarlıq dərman və dərman vasitələri almışıq. Yəni, Azərbaycan bu sahədə də idxaldan asılı ölkədir. Amma Gürcüstan Statistika İdarəsinin açıqladığı rəqəmlər də Azərbaycan bazarına təsir edə biləcək səviyyədə deyil. Azərbaycan daha çox Rusiya, Türkiyə, Hindistan kimi ölkələrdən idxal olunan dərmanlardan asılıdır. Başqa sözlə, Gürcüstandan idxal olunan dərman vasitələri Azərbaycan bazarında həlledici rol oynamır. O ki qaldı statistikadakı tərs mütənasibliyə bu çox güman ki, struktura bağlı məsələdir. Burada strukturu eyni olan dərmanlardan söhbət getmir. Ola bilər ki, qeyd olunan dövrdə Gürcüstandan ölkəmizə müxtəlif strukturlu dərmanlar idxal olunub”. 

Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli isə qeyd edib ki, hazırda Azərbaycanda dərman istehsalı ilə bağlı mövcud durum ürəkaçan deyil: “Sovet dövründə ölkəmizdə bir neçə dərman istehsal edən müəssisə var idi. Amma SSRİ dağıldıqdan sonra o zavodlar dağıdıldı. İstehsal da, demək olar ki, dayanmış vəziyyətdədir. İstisna olaraq müxtəlif toz şəklində dərman preparatlarının - antibiotiklərin, yaxud sarğı materiallarının, spirtlərin, siropların istehsalı prosesi baş verir. Bu mənada istehsal bərbad vəziyyətdədir. Azərbaycan dərman preparatları ilə bağlı idxaldan asılı durumdadır. Düzdür, statistik rəqəmlərdə ildən-ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalının artdığı qeyd edilir. Amma bu, pandemiya dövrünə görə öskürəyə qarşı siropların, spirtlərin istehsalı ilə bağlı ortaya çıxan rəqəmlərdir. Əfsuslar olsun ki, böyük sənaye miqyasında istehsalın səviyyəsində bu statistikanı görə bilmirik. Azərbaycan əczaçılıqda 90-95 faiz idxaldan asılıdır”.

İ.Hüseynlinin fikrincə, dərman istehsalı ciddi, vaxt aparan məsələdir. Üstəlik, burada dövlətin dəstəyi kifayət qədər olmalıdır:“Müxtəlif ölkələrin əczaçılıq zavodları ilə müzakirələr ap arıldı, müəyyən razılaşmalar əldə edildi. Amma çoxu işlərə başlamadı. Prosesin sürətli getməsi üçün özəl sektorun bu işə cəlb edilməsi əhəmiyyətli dərəcədə fayda verə bilər. Təbii ki, bunun üçün özəl sektora müəyyən güzəştlər tətbiq edilməlidir. Yerli istehsal ucuz başa gəlməlidir, amma gəlmir. Yerli istehsalın baha olmasını şərtləndirən amillər var. Dərman istehsalı üçün xaricdən gətirilən xammallara ƏDV və gömrük rüsumlarını minimuma endirməklə, ölkədə istehsal olunan dərman preparatlarının kifayət qədər ucuzlaşmasına nail ola bilərik. Ola bilər, xarici ölkələrin əczaçılıq şirkətlərinin Azərbaycanda mövcud iqtisadi qanunlarla, vergi qanunvericiliyi ilə tanış olduqdan sonra prosesə start verməklə bağlı müəyyən tərəddüdləri var. Düşünürəm ki, vergi, gömrük güzəştləri tətbiq etsək, xarici investorları bu prosesə maraq göstərməyə stimullaşdıra bilərik. Özəl sektora aşağı faizlə kreditlərin verilməsini də təmin etsək, qısa müddətdə Azərbaycanda əczaçılıq zavodlarını qurub ölkənin həyati əhəmiyyətli dərman preparatlarına olan tələbatını minimuma endirmək mümkün ola bilər”.