İtaliya məhkəmələri dəbdəbəli istehlakçı markaları olan “Dior” və “Armani”nin istehsal əməliyyatlarına müvəkkillər təyin edib. Buna səbəb İtaliyada Milan prokurorları tərəfindən yerli fabriklərdə iş şəraiti ilə bağlı araşdırma zamanı ortaya çıxan faktlar olub. Şirkətlərin araşdırmasına qeyri-leqal işçilərin işə götürülməsi, ucuz məhsulların baha qiymətə satılması da yer alıb.
Belə ki, 201 milyard dollarlıq sərvətlə dünyanın üçüncü ən zəngin adamı olan fransız Bernard Arnaultun sahibi olduğu “Dior”un qeyri-qanuni işçilər işlədən tədarükçülərin 57 dollara istehsal etdiyi çantaları 2 min 780 dollara satdığı məlum olub. İtalyan prokurorları xüsusilə kiçik emalatxanalarda işləyən çinli işçilərin pis şəraitdə işləməyə məcbur edildiyinə diqqət çəkib. Eynilə, “Armani” üçün aparılan araşdırmada 99 dollarlıq çantaların 1900 dollara satıldığı müəyyən edilib. Bu pozuntulardan sonra məhkəmə “Dior” və “Armani”nin İtaliyadakı istehsal əməliyyatlarına qəyyumların təyin edilməsinə qərar verib. Qəyyumun təyin edilməsi ilə markaların istehsal proseslərinə nəzarət etmək və iş şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır. Bu addım moda sənayesində etik standartların və işçilərin hüquqlarının qorunması üçün mühüm addım hesab olunur.
Qeyd edək ki, Azərbaycan bazarında da dəbdəbəli istehlakçı markalarının kifayət qədər məhsulları satılır. Təbii ki, qiymətlər “cib yandırır”. Məsələn, bu markalardan birinin ölkəmizdəki rəsmi dilleri olan mağazasında kiçik ölçülü çantanın qiyməti 3360 manatdır. İtaliya məhkəmələrinin araşdırmasından məlum olur ki, sözügedən markalar istehsal qiymətini dəfələrlə şişirdirlər. Bu isə istər-istəməz pərakəndə bazara öz təsirini göstərir.
Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, əslində, digər ölkələrlə müqayisədə Azərbaycan bazarında brend markaların alıcısı çox deyil: “Bunun da səbəbləri məlumdur. İstehlakçıların alıcılıq qabiliyyəti o səviyyədə deyil. Əgər bizim bazarın strukturuna fikir versəniz görərsiniz ki, bazarda əsas üstünlüyü ucuz məhsullar təşkil edir. Ona görə ki, tələbat ucuz məhsullaradır. İstehlakçıların cəmi 3-5 faizi brend məhsul almaq qabiliyyətindədir. Digərləri ya ucuz məhsullar alır, ya da brend marka adı altında orijinal olmayan məhsullara üstünlük verirlər. Qiymət məsələsinə gəlincə, hesab edirəm ki, bu məhsulların dəyəri Azərbaycanda da şişirdilir. Bizdə bazar iqtisadiyyatıdır, dövlət sahibkarlıq subyektlərinin inkişafına dəstək verir. Bəzi qiyməti tənzimlənən məhsullar istisna olmaqla, sahibkarların qiymət siyasətinə müdaxilə edilmir. Sahibkarlar özləri bu məsələdə ədalətli davranmalıdırlar, istehlakçıların hüquqlarını tapdalamamalıdırlar. Elə qiymət müəyyən etməlidirlər ki, həm alan, həm də satan razı qalsın”.