Dimanın Krımda dənizə atdığı içində məktub olan şüşə İstanbula çatdı

09:33 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krımda yaşayan 7 yaşlı Dima (Dmitri) adlı uşağın yazdığı məktubun olduğu şüşə 2 aylıq səyahətdən sonra Türkiyə sahillərində tapılıb.

Hafta.az-ın yazdığına görə, Dimanın yüzillər sonra tapılmaq arzusu ilə göndərdiyi butulka 2 ay keçmədən İstanbulda sahilə çırpılıb. Dima məktubunda "Mən Dimayam. 7 yaşım var. Sualtı canavarları sevirəm. Daşa adlı bacım var. O, uşaqlar üçün musiqi seriallarını sevir. Feodosiyadan göndərilib. 2 iyul 2023" yazıb.

Şüşəni tapan İstanbul sakinləri dərhal Dimaya cavab yazıblar. Cavab məktubunda "Hörmətli Dima, səni razı salmağa tələsirəm! Məktubun İstanbul yaxınlığında tapılıb. Əlaqə qurulub" yazılıb.

Dimanın anası Alyona “İzvestiya” qəzetinə deyib ki, sitat: oğlum məktubun uzun müddət dənizdə qalacağına və bir neçə əsrdən sonra insanların onu görəcəyinə ümid edirdi.

Məktubun övladları tərəfindən hazırlandığını və onun suya buraxılması üçün yalnız lazımi alətləri təmin etdiyini deyən ana, "Oğlum məktubunun tapıldığını biləndə çox sevindi. İndi belə bir məktubu Mariana çökəkliyinə göndərmək istəyir” deyib.