Bu gün Azərbaycan sahib olduğu tolerantlıq ənənələri, multikultural dəyərlərlə dünyaya nümunə göstərilir. Əsrlərdən bəri formalaşmış bu dəyərlər sisteminin beynəlxalq aləmə çatdırılmasında, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimai təbliğində media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.
Mövcud reallığa nəzər salsaq əminliklə deyə bilərik ki, ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Lakin bu sabitliyi pozmağa yönələn cəhdlər də az deyil. Din hər bir cəmiyyətin ən həssas yeri sayıldığı üçün müxtəlif qüvvələr ölkəmizdə bu amildən istifadə edərək parçalanmalara, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Bu səbəbdən, dini mövzulara müraciət edən jurnalistlər qeyd olunan istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyi bir dövrdə cəmiyyətimizdə dinlə bağlı belə problemlərin yaranması arzuolunmaz haldır. İdeoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.
Dini təhlükəsizliyin qorunması sahəsində mövcud olan digər bir təhdid mənbəyi isə sosial şəbəkələr sayılır.
Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı ciddi mübarizə aparılır. Bu cür dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir.
Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir. Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq.
Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. Müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanması, təbliği, tarixi-dini abidələrin bərpasına xüsusi önəm verilir. Bu sahə üzrə ekspertlər də bildirir ki, dini mövculara müraciət edən jurnalistlərin düzgün təbliğat materiallarının hazırlaması üçün kifayət qədər mənbələr mövcuddur. Buraya məhz dövlətin dini siyasətini təcəssüm etdirən müxtəlif ibadət evləri, konfessiyalar üçün yaradılmış şərait və s daxildir. Hər bir jurnalist ölkəmizdəki istənilən dini konfessiya ilə bağlı material hazırlayarkən məhz ilkin mənbələrə müraciət edərək daha dolğun məlumatlar əldə etmək imkanına malikdir.
Mövzcu ilə bağlı fikirlərini öyrəndiyimiz ekspertlərdə bildirir ki, ümumiyyətdə dinlə medianın qarşılıqlı əlaqəsi elə bir məsələdir ki, mütləq vaxtlı-vaxtında dilə gətirilməli, özəlliklə də jurnalistlər arasında təbliğatı aparılmalıdır. Çünki hər il Azərbaycan mediasında yeni-yeni saytlar, nəşrlər yaranır, gənc jurnalistlər bu sahədə fəaliyyətə başlayırlar. Bəzən jurnalistlərimiz bu məsələlərdə sinifdə qalırlar desək yanılmarıq. Din elə bir mövzudur ki, bir anda toplumun böyük bir kəsimini yerindən oynada bilər. O baxımdan hər kəsin din mövzusunda yazması məqsədəuyğun deyil. Bu məsələdən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Özəlliklə din mövzusunda təhlil və şərhlərin müəllifləri sahənin bilicisi olmalıdır.
Təbii ki, dini mövzudan yazan jurnalistin ilahiyyatçı olmasına gərək yoxdur. Elementar bilikləri olsa, yetərlidir. Mütəxəssislərin qənaətincə, jurnalistlərin dini mövzuda təbliğat materialları hazırlayarkən diqqət yetirməli olduqları digər mühüm məqamlardan biri də mövzu ilə bağlı fikirlərini öyrəndikləri ekspert və ilahiyyatçıların kimliyidir. Marginal, qeyri-leqal dini icmaların təmsilçilərinə mətbuatda yer vermək olmaz. Çünki bu zaman dini dözümsüzlük və qarşıdurma yarana bilər.
Bəzi həmkarlarımız isə, deyir ki, din və media arasında mövcud durumun daha da yaxşılaşması, bu sahədə peşəkarlığın artırılması üçün jurnalistika fakültələrində "Dini biliklərin əsasları” fənni tədris olunmalıdır. Gələcəyin yazarlarınadini biliklər tədris olunmalı, jurnalistlər bu sahə ilə bağlı məlumat əldə etməlidirlər. Hazırda işləyən jurnalistlər üçün isə kurslar, treninqlər, təlimlər, seminarlar keçirilməlidir. Bu təlimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Multikulturalizm Mərkəzi məsləhət bildiyi ekspertlərin iştirakı ilə keçirə bilər. Jurnalistika elə sahədir ki, burada dini təriqətlərin təsirində olan radikal dindarlar üstünlük təşkil edə bilməz. Azərbaycan mətbuatının ənənələri var. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim xurafata, cəhalətə qarşı olub.
İlahiyyatçılarımız isə bildirir ki, din fitri bir mövzu olduğu üçün cəmiyyətdə hər kəs ona birmənalı baxa bilməz. Dini bilgisi zəif olan, ümumiyyətlə, dini mühitdən başı çıxmayan şəxslər islami məsələləri çox yanlış anlayır və o cür də təbliğ etməyə başlayır. Din və ona bağlı olan mövzular dərin mənalı və geniş səviyyəli bir elmdir. Buna görə də bütün müsəlmanlar yalnız Allahdan gələn vəhyə və ilahi tövsiyələrə tabe olur. Fərqli yönlərə meyl edənlərin gördükləri işləri də tam fərqli və ziyanlı olur. Tam dəqiq anlayışdır ki, dini bilgisi olmayan şəxslərin dindən danışması və ya dini mövzuları müzakirə etməsi bir növ təbabət elmindən anlayışı olmayan bir şəxsin cərrahiyə və ya hansısa xəstəlik haqqında verəcəyi qeyri-dəqiq məlumata bənzəyir. Cəmiyyət arasında anarxiyanın yaranmasının səbəbi dini bilgisi və ilahiyyat elmindən məlumatı olmayan şəxslərin islam barədə mətbuata ötürdükləri yalan və qərəzli informasiyalardır. Bunun üçün hər bir jurnalistin, media nümayəndəsinin üzərinə düşən vəzifələr var. Hər bir məlumat media vasitəsi ilə yayılmamışdan öncə birmənalı olaraq dini ekspertizadan keçirilməlidir. Ondan sonra cəmiyyətə təqdim edilməlidir. Çünki insanların inancı sayılan və mənəvi dəyərləri təmin edən dini bilgilər yanlış təqdim olunarsa və təhrif edilərsə, nəticədə həm cəmiyyətdə qarışıqlıq yaranar, həm də dinə qarşı hörmətsizlik olar.
Ümumiyyətlə, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə media və din mövzusuna maraq durmadan artır. Bu sahənin araşdırılmasını həyata keçirtmək üçün müxtəlif araşdırma mərkəzləri, institutlar formalaşdırılır.
Azərbaycanda da dini sahədə mövcud vəziyyətin daim araşdırılması, təhlili, dövlətin dini siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın tolerantlıq və multikultural dəyərlərinin dünyaya təbliği istiqamətində çoxsaylı addımlar atılır.
Xüsusilə də dövlət-din münasibətlərinin formalaşdırılmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət düşür. Komitə Azərbaycanda mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı mütəmadi təhlil işi aparır. Qurum bu sahəbə sabitliyin təmini üçün üçün əlaqədar dövlət orqanları ilə birlikdə koordinasiyalı fəaliyyətin yaradılması istiqamətində mühüm addımlar atır. İl ərzində hüquq-mühafizə orqanları ilə birlikdə istər bölgələrdə, istərsə də əksər böyük təşkilatlarda dini mövzularla bağlı seminarlar, konfranslar təşkil edilir.
Din və media əlaqələrinin qurulması da diqqət yetirilən başlıca prioritet istiqamətlərdən biridir. Komitə istər Mətbuat Şurası, istərsə də dövlətçiliyə xidmət edən ayrı-ayrı KİV orqanları ilə müstəqil münasibətlər quraraq Azərbaycanda dini sabitliyin qorunması, maarifləndirmə işinin təşkilində medianın imkanlarından geniş istifadə edir. Bu sahədə ixtisaslı jurnalistlərin, ilahiyyatçı ekspertlərin yetişdirilməsi işinə mühüm töhfə verir.
Sabir Baxşalıyev
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur