Doğum səviyyəsi azalır

21:34 20.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 5 ayında Azərbaycanda 41 608 yeni doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41 608 doğulan körpə qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz və ya 4 936 körpə azdır. Başqa sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Qeyd edək ki, rəqəmlərdən göründüyü kimi, doğulan körpələrin sayında xeyli azalma müşahidə edilir. Bəs, görəsən, doğum göstərcisinin 11,1-dən 9,8-ə düşməsi demoqrafik problemə səbəb ola bilərmi? Doğum statistikasındakı azalmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, mövcud statistika hələlik demoqrafik problem kimi görünməsə də, gələcəkdə vəziyyət dəyişə bilər: “İndi olmasa da, 2040-cı ildən sonra vəziyyətin mənifiyə doğru dəyişməsi mümkündür. Belə bir təhlükə var ki, yaxın 15 ildə ölkəmizdə olan bu vəziyyət dəyişə bilər. Çünki son 50-60 ildə nəsilvermə əmsalı da 3 dəfə azalıb. Eyni zamanda, əhalinin cins tərkibi dəyişir. Oğlanlar bioloji normadan daha çox doğulduğu halda, qızlar az doğulur ki, bu da selektiv abortun nəticəsidir. Bütün bunlar uzunmüddətli planda Azərbaycanda demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər”.

Ekspert vurğulayıb ki, doğum sayının azalması, əhalinin yaş tərkibinin dəyişməsi, yəni yaşlı əhali sayının gənc əhalinin sayına nisbətən artması, eyni zamanda kişilərin sayının qadınlardan çox olması kimi ciddi problemlər ortaya çıxa bilər: “Ortaya çıxa biləcək mənfi təsirlərin qarşısını almaq üçün dövlət tərəfindən müəyyən işlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı müvafiq tədbirlər görməyi planlaşdırır. Əslində, Azərbaycanda vəziyyət Avropa ölkələri ilə müqayisədə dəfələrlə yaxşıdır. MDB ölkələri üzrə götürəndə də nəticələr pis deyil. Məsələn, Rusiyada hər 1000 nəfərə illik artım sıfırın üzərindədir. Şərqi Avropada elə ölkə var ki, illik artım mənfi 7-8-ə çatıb. Yəni, bizdə müqayisədə yaxşıdır. Amma gələcəkdə problemlər yarana bilər. Ona görə bu gündən düşünmək lazımdır. Xüsusilə, selektiv abortların qarşısının alınması vacibdir”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bu artıq qlobal tendensiyaya çevrilib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar əhalinin artım tempinin azalmasında maraqlıdır: “Proqnozlara əsasən, 2050-ci ildə planetimizdə əhalinin sayı o qədər artacaq ki, Yer kürəsinin resursları insanlara yetməyə bilər. Mənə qalarsa, bu, yanlış proqnozdur. Alimlər Yerin potensialından düzgün istifadə yolunu tapmalıdırlar. Bu yollar tapılsa, problem yaranmayacaq. Digər bir amil isə insanların savadlılıq göstəricisi ilə bağlıdır. Adətən, təhsil səviyyəsi yüksək olan ölkələrdə doğum faizi aşağı düşür. Tendensiya belədir ki, təhsilli şəxslər çox uşaqlarının olmasını istəmirlər”.

Sosioloqun fikrincə, Azərbaycanda üçuşaqlı ailə modelinin tətbiqi yaxşı təşəbbüs ola bilər: “Azərbaycanda üçuşaqlı ailə modelinin tətbiq edilməsi çox yaxşı olar. Ailədə bir uşaq olanda ölkə əhalisinin sayı azalır. Əhalinin azalması beynəlxalq təşkilatlara xoş gələ bilər, amma ölkə üçün yaxşı perspektiv vəd etmir. Əgər əhalinin sayında azalma müşahidə olunursa, ölkəyə miqrantların axını başlayır ki, bu da həmin ölkədəki etnik tərkibi dəyişir. Etnik tərkib dəyişəndə isə xeyli problemlər yaranır. Bir çox Avropa ölkələri məhz bu problemi yaşayır. Üçuşaqlı ailə modelinin təşviqi istiqamətində yaxşı təbliğat qurmalıyıq. Sözügedən modelin uğurla tətbiq olunması üçün elmi fəaliyyət planı olmalıdır. Bu fəaliyyət planının tətbiqi üçün qaydalar işlənib-hazırlanmalıdır. Həmin məsələdə yubanırıq, bu istiqamətdə ciddi çatışmazlıqlarımız var. İnstitutlar, elmi mərkəzlər problemlə bağlı təhlillər aparmalıdırlar. Ölkəmizdə bu boşluq var. Eyni zamanda bununla bağlı dövlətin konkret fəaliyyət proqramı olmalıdır”.

Ekspert üçuşaqlı ailə modelinin təşviqi məsələsində sosial dəstək proqramlarının həyata keçirilməsini vacib sayır: “Yalnız təbliğatla nəyəsə nail olacağımıza inanmıram. Burada sosial müdafiə məsələləri var. Hər bir ölkədə bu kimi proseslər stimullaşdırılır. Axı 3 uşağı böyütmək üçün ailənin maddi imkanları da olmalıdır. Odur ki, uşaq pulunun tətbiqi mütləqdir. Uşaq təkcə valideynin deyil, həm də dövlətindir. Dövlət isə əhalinin azalmasının qarşısını almaq üçün indidən hərəkətə keçməli, konkret fəaliyyət planı hazırlamalıdır ki, sonradan daha ciddi problemlərlə qarşılaşmayaq”.