Azərbaycanda bu il bir neçə icra başçısı, o cümlədən nazirliklərdə çalışan yüksək vəzifəli şəxslər həbs olunub. Bir neçə gün öncə Kürdəmir İcra Hakimiyyətinin başçısı da saxlanıldı. Bununla da saxlanılan icra başçılarının sayı 6 oldu.
İnsan hüquqları müdafiəçisi, sabiq deputat Əliməmməd Nuriyev hafta.az-a danışarkən dedi ki, o şəxslər qanunvericiliyi, qanunun tələblərinin pozurlar:
“Azərbaycanın əsas siyasəti korrupsionerlərə qarşı mübarizə aparmaqdır. Kim qanunu pozursa, dövlət əmlakını mənimsəyirsə ona güzəşt olmamalıdır. Ölkə başçısı öz çıxışında bunu aydın şəkildə dedi. Nazirliyin də yüksək vəzifəli şəxsləri həbs edildi. Vəzifədən sui istifadə edənlərə qarşı qətimkan tədbiri görülsə də, digər məmurlar bundan dərs götürmürlər. Yenə də dövlət vəsaitlərini mənimsəmə halları baş verir. Hazırda belə korrpupsiya ilə məşğul olanlar çoxdur. Tapşırıqlara baxmayaraq əməl olunmur. Bu dövlətə qarşı təhdiddir".
Ə. Nuriyev hesab edir ki, digər korupsioner şəxslər barəsində də araşdırmalar aparılır:
“Araşdırmalar bir günün işi deyil. Bunun üçün vaxt lazımdır. Cinayət işində sübutların toplanması lazımdır. Qısa müddət ərzində bu mümkün deyil. Bu baxımdan hesab edirəm ki, dövlət indi bu məsələyə daha da həssas yanaşmalıdır. Bu kimi insanlar öz layiqli cəzalarını almalıdırlar”.