Dövlət qulluğunda 65 yaş “maneə”si - Müzakirə

12:18 26.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hazırda bir sıra iddialara görə, dövlət qurumlarında çalışan, yaşı 65-dən yuxarı olan vətəndaşların işdən çıxarılması prosesi sürətləndirilib. Səbəb kimi isə, gənc kadrlar üçün yeni imkanların yaradılması göstərilir. . Əvvəllər 65 yaşdan yuxarı təcrübəli işçilərə işlərinə davam etmələri üçün əlavə bir neçə il müddət verilirdi. Lakin tədricən bu tendensiya aradan qaldırılır. 

Bəs görəsən, dövlət qurumlarında çalışan 65 yaşüstü işçilər işdən azad edilərkən kadr çatışmazlığı kimi mühüm məsələ də nəzərə alınırmı? Bəzi sahələr var ki, burada çalışan mütəxəssislər işdən azad edildikdən sonra yerinə gənc kadrlar tapmaq bir qədər müşküldür.

Həkimlik peşəsini buna sadə misal kimi göstərmək olar. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından aydın olur ki, son illərdə Azərbaycanda həkim sayı azalmaqdadır. 10 il öncə - 2011-ci ildə ölkədə 33 min 85 həkim vardı. 2020-ci ilin sonunda Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı 31 min 829 nəfərə enib. Başqa sözlə, 10 il ərzində həkimlərin sayı 4 faizə yaxın azalıb. Hə, üstəlik burada əhali sayının artması amilini də nəzərə almaq lazımdır.

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən deputat Azər Badamov söylədi ki, 65 yaşdan yuxarı işçilərin dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda işdən çıxarılması qanunla təsdiq edilmişdir. Lakin müəssisələrə imkan yaradılır ki, onlar müəssisədə 1% civarında 65 yaşdan yuxarı işçi çalışdırsınlar.

Səhiyyə ilə bağlı məsələyə gəldikdə isə, millət vəkili bildirdi ki 65 yaşdan yuxarı həkimlərin kütləvi şəkildə işdən azad edilməsi düzgün deyil:

“Qeyd etmək istəyirəm ki, bu sahə artıq İcbari Tibbi Sığortaya keçib. Yəni dövlət büdcəsindən birbaşa maliyyələşmədə iştirak etmir. Ona görə də, qanunun təsiri bu sahə üzrə dəyişilmək üzrədir. Bu gün Azərbaycanda həkim çatışmazlığı var. 65 yaşdan yuxarı həkimlərin kütləvi şəkildə işdən azad edilməsini düzgün hesab etmirəm. İcbari Tibbi Sığortaya keçid tam başa çatdıqdan sonra,  artıq bu sahə dövlət hesabına maliyyələşməyən təşkilat kimi özünü təqdim edəcək və qanunun təsiri öz qüvvəsini itirəcəkdir”.

A.Badamov dövlət strukturunda və digər sahələrdə aparılan “gəncləşdirmə” siyasətini yüksək qiymətləndirdiyini xüsusilə vurğuladı:

“Hesab etmirəm ki, 65 yaşüstü vətəndaşların işdən azad edilməsi digər sahələrdə problem yarada bilsin.  Bu yaşa çatmış insan, artıq istirahət etməli, ömrünü yaşamalıdır. 65 yaşdan sonra o yerin boşaldılması gənc kadrların işləməsi üçün yeni imkandır. Bəzi hallarda insanlar ömürlərinin sonlarına qədər öz vəzifələrini tərk etmirdilər. Nəticədə cavan kadrlar üçün iş yerləri olmurdu. Hazırda isə dövlətin bütün strukturlarında yaşıötmüş kadrlar çıxarılaraq əvəzində müasir, yenilikçi, savadlı gənclər işlə təmin olunurlar. Elə bu günlərdə Milli Məclisdə aparat rəhbəri dəyişilərək yerinə gənc kadr təyin edildi. Bu, gəncləşdirmə siyasətinə əyani nümunədir. Belə halları alqışlamaq lazımdır. Bu gün gənclərimiz üçün şərait yaratmasaq, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik”.

Məsələnin hüquqi tərəflərinə gəldikdə isə bu səpkidə suallarımızı hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırdı. O söylədi ki, 65 yaşı tamam olan dövlət qulluqçularının işdən azad edilməsində  heç bir hüquq pozuntusundan söhbət gedə bilməz:

“Dövlət qulluğu haqqında qanunun 31-1.1 maddəsində göstərilir ki, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Amma növbəti maddədə, 65 yaşa çatmış qulluqçunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət qurumunun rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu iş müvafiq dövlət orqanı rəhbərinin səlahiyyətindədir. Belə uzanma izə 5 ildən çox olmamalıdır”.

Ekspertin sözlərinə görə, dövlət orqanlarının ali kateqoriyalarına yaş həddi məsələsi şamil olunmur:

“Bu normanın nə qədər düzgün olub-olmadığını bilmirəm. Ümumiyyətlə, siyasi vəzifələrə aid edilmir. Hər halda qanunda belə qeyd edilib. Fikrimcə, bu, kadr çatışmazlığına səbəb olmaz, çünki Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq imtahanlar həyata keçirir və yaranmış kadr boşluğunu aradan qaldırır”.