Dövlət qurumları arasında IV minifutbol turnirinin açılışı olub

16:03 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənclər və idman naziri Fərid Qayıbov turnirin ənənəvi hal aldığını bildirib: “Sevindirici haldır ki, yarışın qaliblərini beynəlxalq turnirlərə yollaya bilirik. Həqiqətən də, oyunlar yüksək səviyyədə təşkil edilir. Təşkilatçılığa görə AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirirəm”.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: “Bu cür turnirlər ölkəmizdə minifutbolun inkişafına müsbət təsir edir. Bu il Bakı minifutbol üzrə dünya çempionatına ev sahibliyi etdi. Sonda turnirin kubokunu milli komandamız qazandı. Əlbəttə ki, bizim üçün ən böyük məqam Prezident İlham Əliyevin yığmanı qəbul etməsi oldu. Dövlət tərəfindən idmana böyük qayğı göstərilir”.

Ardınca nümunəvi çıxışlar olub.

Daha sonra turnir açıq elan olunub. Ədliyyə Nazirliyi ilə Müdafiə Nazirliyi komandaları arasında oyunla start götürüb.