Bir müddət əvvəl ən mox müzakirə edilən məsələlərdən biri dövlət qurumları yanında yaradılan ictimai şuralar mövzusu idi. Şura üzvlərinin seçimi, namizədlərin kimliyi çoxsaylı fikir müxtəlifliyinə yol açdı. Proses arxada qalıb. İndi bir çoxlarını bu sual düşündürür: dövlət qurumlarının tərkibində yaradılan ictimai şuralar həmin qurumların fəaliyyətində nəyi dəyişdi, ictimai şuraların effekti varmı? Hafta.az bu məsələni araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılan ictimai şuranın üzvü Məhluqə Rəhimova hesab edir ki, onun təmsil olunduğu qurumda ictimai şuraların fəaliyyəti effektivdir. M.Rəhimovanın sözlərinə görə, sosial-məişət, məşğulluq və digər sosial-ictimai problemllərin həllli ilə bağlı böyük yükü və məsuliyyəti olan nazirlikdə ictimai şuraların fəaliyyəti özünü çox sahələrdə göstərə bilir.
Onun fikrincə, ictimai şuraların hansı dövlət qurumlarında olması və ora necə müdaxilə etməsindən də çox şey asılıdır: “Azəriqaz”, Azərsu” və digər dövlət qurumları var ki, orada formalaşan ictimai şuralar görünən problemləri dövlət strukturlarına düzgün yönləndirə bilirlər. Bununla da məmur özbaşınalığının qarşısı alınır. Bütövlükdə bütün ictimai şuraların fəaliyyəti effektli deyil. Bir çox hallarda dostla, tanışla, xahişlə yaranan QHT-lər var ki, fəaliyyətləri, kadr bazaları zəifdir. O, ictimai şuraya seçilsə də heç nə edə bilmir. Uzun illərin təcrübəsi olan və güclü kadr potensialı olan QHT -lər də var ki, onların söz deməyə cəsarəti, bacarığı var. O halda məmurlar ictimai şura üzvləri ilə əməkdaşlıq etməyə məcbur qalırlar. İctimai şuralar yerlərdə görünən problemlərin qarşısını alırlar”.
İki ildir ki, ƏƏSMN-də ictimai şura üzvü olduğunu deyən M.Rəhimova sosial sahədə yaranan problemlərin araşdırılması, həlli yönündə bir çox regionlarda problemləri açığa çıxardıqlarını və aidiyyatı orqanlar qarşısında məsələ qaldırdıqlarını deyib.
“Bu qurum bizim fəaliyyətimizin reallığını görür və ona görə də bizimlə əməkdaşlıq onlara çətinlik yaratmır. Əslində biz bütün qurumlarla işləyirik. İctimai şurada heç bir problem qapalı qalmır. Sosial problemlərin qapalı qalması nazirlik üçün pisdir. Biz problemləri Sahil Babayevin müzakirəsinə də çıxardırıq. Təbii ki, regionda olan məmurlar bunu bilir və işlərində məsuliyyətli olmağa çalışırlar. Biz 20 il Şəki şəhərində ev növbəsində olan, lakin yerli icra hakimiyyəti tərəfindən get-gələ salınan Qarabağ qazisinin məsləsini araşdırıb nazirliyin qarşısında qaldırdıq. Nəhayət, ötən il onun evinin tikintisinə başlandı. Biz Şəki kəndlərində apardığımız monitorinq zamanı 100-lə problemi aşkar edib həllinə nail olduq. Çox təəssüf ki, bir çox hallarda icra hakimiyyətləri problemə məsuliyyətsiz yanaşırlar. Yəni ictimai şuralar məmurların fəaliyyətinə təsir edə bilir. Elə ictimai şuralar var ki, səsini də çıxarmır, formal olaraq görünür”.
“Təmiz Dünya” İctimai Birliyinin sədri, DİN yanında İctimai Şura üzvü Mehriban Zeynalova hafta.az-a bildirb ki, dövlət yanında yaradılan ictimai şuralar 2 il müddətində fəaliyyət göstərə bilir. Fəaliyyət könüllüdür və hansısa tədbirlərin həyata keçirilməsi o iki il ərzində nəzərdə tutulur. Hansısa məsələlər olanda ictimai şura həmin qurumların rəhbərlərinə məlumatlar göndərir və onunla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
“Məsələn, Daxili İşllər Nazirliyində ictimai rəyin öyrənilməsi ilə bağlı bir qurum var, o qurum ictimai rəyi öyrənir və onunla bağlı məlumatı verir. Şikayətlər bölməsi var, o şikayətlərlə bağlı müraciətlərə baxılır, göndərilir. Yəni işlər gedir. Amma iki il ərzində ictimai şura toparlanana qədər vaxt qurtarır. Ona görə də 2 il ərzində köklü dəyişiklik yaratmaq çətindir”.
M.Zeynalova qeyd edir ki, Daxili İşlər Nazirliyində elə məsələlər var ki, orda istintaq məqamları və onların müddəti, baxılması zaman tələb edir. İctimai şuraya seçilən üzvlərin əksəriyyəti müstəqil qeyri hökumət təşkilatlarıdır və bir çox hallarda ictimai şuraları istintaq qrupu kimi görmək yanlışıdır.
“Biz ictimai sorğuları araşdırırq məlumatı veririk. Hansınınsa nəticəsi dərhal olur, elələri də var ki, müddət tələb edir. Amma elə məsələlər olub ki, onların həllinə nail olmuşuq.
Əslində ictimai şura ictimai dinləmələri aparmalı, məsələləri müzakirə eləməli, təkliflər verməlidir ki, dəyişiklik olsun. İctimai şuralarla bağlı qanunun təkmilləşməsinə ehtiyac var. Hələ ictimai şuraların özünün struktur olaraq formalaşmasınada problem var. Müddət az olduğuna görə nəyəsə nail olmaq çətin olur”.
"Azərsu" ASC yanında İctimai Şuranın üzvü Cavid Şahverdiyev hafta.az-a bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildikdən sonra dövlət qurumları yanında ictimai Şuralar yaranmağa başladı. Bəzi mərkəzi icra hakimiyyət orqanları yanında belə qurumlar yaradılmışdı. Onun sözlərinə görə, əksər ictimai şuralar yenidir. Yeni olduğundan tam formalaşmağa, otruşmaya bilər.
“Baxmayaraq ki, qanun 2014-cü ildən qüvvədədir. Bu gün dövlət qurumları yanında yaradılan ictimai şuraların 90 faizi müstəqil deyil, təzyiqlər var. Kənardan yox, daxildən. Müstəqil qərar çıxara bilmirlər, məlum qanunauyğun fəaliyyət göstərə bilmirlər. Bir çox qurumlarda ictimai iştirakçılığın genişlənməsini istəmirlər, fəaliyyətlərindəki şəffaflığın təmini onlara sərf etmir. İctimai Şuraların əksəriyyəti formal yaradılıb, qanunun tələblərinə deyil, bu çətir altında şəxsi maraqlarını təmin edirlər. Ona görə də bu qurumlara inam, etimad olmur. İctimai Şuraların əksəriyyəti hansı qurumun yanında yaradılıbsa, onun bir şöbəsi kimi fəaliyyət göstərir. Yuxarıdan gələn tapşırıqları icra edir”.
DİN yanında ictimai Şura üzvü, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov hafta.az-a bildirib ki, ictimai şuraların fəaliyyəti ilə bağlı çox müzakirələr gedir və müxtəlif fikirlər var. Onun sözlərinə görə, cəmiyyətdə bəzən onların fəaliyyəti həm şişirdilir, həm də böyük gözləntilər olur. İctimai şuralar tam olaraq cəmiyyətin düşündüyü deyil və ola da bilmir.
“İctimai şuralar bu gün adı qanunvericiliklə təsbit olunan, hüququ və vəzifələri olan, lakin heç bir təsiri olmayan, yalnız kağız üzərində bir ictimai nəzarət subyekti vəziyyətindədir. Ona görə ki, qurumlar özləri onları birmənalı qəbul etmir. Bəziləri bu şuralara özünün yan qurumu kimi baxır, bəziləri isə qanunun icrası baxımından razılaşıb, amma lazımsız bir subyekt hesab edir. Bu qurumlardan bir çoxu ictimai şuraların yaradılmasına məcburiyyətdən imkan tanıyıblar. Daha doğrusu, qanunun icrasına məcbur ediliblər. Qanunu icra etmək tələbi olub və etmirik deyə bilməyiblər. Münasibət dəyişməlidir. İçtimai Şuraların fəaliyyətinə diqqət ayırmaq lazımdır. Onların təklif, tövsiyə, rəyləri nəzərə alınmalıdır. Dövlət qurumları bilməlidir ki, bu şuralar özbaşına yaradılmayıb, qanunvericiliyin tələbidir. İctimai nəzarət mexanizmidir.
Hesab etmirəm ki, dünənlə müqayisədə bu gün köklü, fövqəladə nəsə dəyişib. Vəziyyət elə əvvəlki kimidir. Bəzilərində fəaliyyət görüntüsü yaradılır, bəzilərində isə o görüntü də yoxdur. İşləmək istəyən, işləməyə çalışan İctimai Şuralar da var. Məsələn, Təhsil Nazirliyinin yanında olan İŞ-in fəaliyyətini izləyirəm, müsbət dinamika var. O cümlədən, “Azəriqaz” İB-nin İctimai Şurasında bu hiss olunur, eləcə də adlarını çəkmədiyimiz bəziləri. Təmsil olunduğum DİN yanında İctimai Şura danəsə etməyə çalışır. Amma alınır, alınmır, o başqa məsələdir.
Hesab edirəm, ictimai şuralar dinamik bir qurum olmalı, təmsil olunduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətləri “İctimai iştirakçılıq haqqında” Qanunla tənzimlənməli və həmin qanunla təsbit olunan hüquqlarından istifadə etməlidir.
İctimai şuralar hələ yenidir. İndi təşkil olunan bu şuralar bir növ keçid dövrünün subyektidir. Ümid edək ki, gələcəkdə daha fərqli olacaq...”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, DİN, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraların üzvü olan jurnalist Elməddin Muradlı hafta.az-a bildirib ki, ictimai şuraların fəaliyyətini ümumən normal hesab etmək olar. O, eyni zamanda digər dövlət qurumlarından fərqli olaraq Gömrük Komitəsində İctimai şuranın tam formalaşmadığını qeyd edib.
“Demək olar ki, 1 ilə yaxındır fəaliyyətsiz qalmışıq. Əks tərəfdə 7 nəfər, digər tərəfdə isə 6 nəfər var. Və o 7 nəfər öz aralarında sədr seçir, kimlərisə müavin elan edirlər. Qanunda ictimai şurada 1 müavin nəzərdə tutulduğu halda bunlar 3 müavin elan ediblər”.
E.Muradlı qeyd edir ki, həmin qurumla sıx münasibət saxlayıb, vətəndaşlar tərəfindən daxil olan müraciətləri rəhbərliyə yönəldə, cavab ala bilir: “Xüsusən də ekoloji təmiz nəqliyyat vasitələrinin ölkə gətirilməsində güzəştlərin tətbiq olunmasında müzakirələr aparırıq”.
Onun sözlərinə görə üzv olduğu digər qurumlarda isə ictimai şuralar səmərəli fəaliyyət göstərirlər.
«Biz quruma namizədliyimizi verəndə bilirdik ki, bu könüllülük əsasında olan fəaliyyətdir və ictimai şuralar cənab Prezidentin tapşırığı ilə yaradılır. Düzdür, ictimai şuraların fəaliyyəti qanunvericilikdə daha geniş məqamları əks etdirir. Reallıq ondan ibarətdir ki, biz tam olaraq bu prosesləri həyata keçirə bilmirik. Ola bilsin, ilk mərhələdə olduğuna görə istənilən təcrübə hələ formalaşmayıb. Biz imkanımız yetən qədər işlər görürük”.
E.Muradlı qeyd edir ki, DİN yanında ictimai şura üzvü olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı müraciət edən vətəndaşları hər gün dinləyir, hətta şuranın müzakirələrinə çıxarılmadan belə birbaşa aidiyyatı üzrə yönləndirmək imkanına malikdir.
“Demək olar ki, hər gün 1-2 belə müraciətlərin yönləndirilməsinə və həllinə nail oluram. Qarşı tərəf bu məqamlara diqqət yetirir və bizim tərəfimizdən edilən müraciətlər vaxtında qəbul olunur. Biz bir neçə dəfə DİN-in müavini general-leytinant İsmət Əliyevlə görüşmüşük, eləcə də nazirliyin digər əməkdaşları ilə ünsiyyətdəyik. Hətta bu yaxınlarda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ictimai şuranın sədri Əliməmməd Nuriyevi qəbul edib və söz verib ki, şura üzvləri ilə görüşəcək”.
E.Muradlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında ictimai şuranın fəaliyyətini daha geniş hesab edir. Onun sözlərinə görə, burda yüksək texnologiyalar, nəqliyyat sahəsi və digər sahələr birləşir.
“Nazirliyin fəaliyyəti çoxşaxəlidir. Burda ixtisaslaşmış QHT-lər öz sahələri üzrə işlərlə məşğul olur. Şəxsən mən nəqliyyat sahəsi üzrə proseslərdə iştirak edirəm. Nazir Rəşad Nəbiyev ilk aylarda bizi qəbul edib. Nazir müavinləri Rövşən Rüstəmov, Rəhman Hümmətov və nazirliyin digər məsul əməkdaşları bizimlə ünsiyyətdədir. Dövlət Avtomobil Xidmətinin rəsi Anar Rzayevlə demək olar ki, mütəmadi əlaqədəyik. Hər xırda məsələni onlara burbaşa yönləndirə bilirəm. Bu çox gözəl bir nümunədir. Eyni zamanda nazirin müşaviri Rəşad Bayramov da bu məsələdə yaxından bizə dəstək olur. Şuranın digər üzvləri də fəaliyyətdədirlər . Bu yaxınlarda geniş tədbirə hazırlaşırıq. Düşünürəm ki, səmərəli əməkdaşlıq nəticəsində ətraf mühitin qorunması ilə bağlı geniş tədbirlər keçirəcəyik”.
Bütün deyilənlərə əsasən E.Muradov ictimai şuraların ilk mərhələ üçün heç də az fəaliyyət göstərmədiyini önə çəkib. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan qaydalara əsasən ictimai şuralara daha geniş imkanlar yaradıla bilər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında ictimai şuranın üzvü, gənclərlə iş komitəsinin sədri Asim Vəliyev hafta.az-a bildirib ki, İctimai Şuralarla bağlı müddəanın əksini tapdığı “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü ildə qəbul olunub.
“Bu qanun 2014-cü ildə qüvvəyə minib. Qanunun məqsədi ölkədə ictimai nəzarət mexanizminin yaradılmasını sürətləndirmək, dövlət qurumları, rəsmi qurumlar üzərində vətəndaş cəmiyyətinin məqsədi dövlət qurumlarının fəaliyyətinə nəzarət etməkdir.
Əvvəla, onu deyim ki, İctimai Şuraların fəaliyyəti barədə fikir söyləyərkən bir sıra amilləri nəzərə almaq və subyektlər arasındakı münasibətləri doğru təsvir etmək lazımdır: “Adlarından da göründüyü kimi, ictimai şuralar hansısa mərkəzi və ya yerli icra hakimiyyəti qurumunun yanında fəaliyyət göstərirlər. Əgər ictimai şuraların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi müvafiq yerli və ya mərkəzi icra hakimiyyəti orqanını qane etməsə İctimai Şuraların effektiv fəaliyyətini təşkil etmək çox çətin olacaq. Etiraf edək ki, vətəndaş cəmiyyəti institutlarımız hazırda bu səviyyədə əngəli aşmaq gücündə deyillər. Ona görə də burada tərəflərlərin cəmiyyətin və dövlətin ümumi inkişafı naminə birgə və qarşılıqlı səmərəli fəaliyyətindən asılıdır.
Digər yandan maraqlıdır ki, hələ də bir sıra mərkəzi dövlət qurumları ictimai şuraları özlərinə əngəl, problem yaradan təsisat kimi gördüyündən onu yaradılmasından faktiki olaraq imtina edirlər.
Burada əsas povitiv məqam həm də budur ki, QHT sektorunda olan şəxslər elə mətbuat nümayəndələri də dövlət qurumları yanındakı ictimai şuralarda təmsil olunmağa həvəslidirlər. Buna can atırlar, laqeyid deyillər.
İctimai şuralara maddi gəlir qazanacağı iş yeri kimi baxmaq olmaz. Əks halda, ictimai şuralar həmin dövlət qurumlarının yan təşkilatına və təbliğatçısına çevriləcək”.