Oktyabrın 7-dən – “HƏMAS” qruplaşmasının İsrailə gözlənilməz hücumu və bunun nəticəsi olaraq İsrail Silahlı Qüvvələrinin Qəzzada genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla 13 mindən çox dinc insanın – uşaq, qadın və qocanın ölümünə səbəb olmasından sonra Azərbaycanda da bu mövzuda media və sosial şəbəkələrdə virtual mübahisələr güclənib. Kimlərsə müsəlman təəssübkeşliyini rəhbər tutaraq yalnız “HƏMAS”ı müdafiə edir, onun gözlənilməz hücumuna haqq qazandırır, digərləri isə xüsusən 44 günlük savaşda İsrailin Azərbaycanın yanında olmasını əsas tutaraq bu dövlətin etdiklərini doğru hesab odur. Bəs əslində Azərbaycan xalqının bu qarşıdurmaya münasibəti necə olmalıdır?
Mövzu ilə bağlı hafta.az-a açıqlamasında siyasətçi Etibar Məmmədov bu fikirləri ifadə edib:
“Əslində Azərbaycan dövlətinin “HƏMAS”-İsrail qarşıdurmasına münasibətdə tutduğu mövqe normal və konstuktiv mövqedir. Rəsmi Bakı İsraillə də yüksək səviyyəli münasibətlərini saxlayır, lakin eyni zamanda Fələstin dövlətinin yaradılmasını da qəbul edir, yəni 1967-ci il sərhədləri çərçivəsində iki dövlətin yaradılmasının tərəfdarıdır. Bu, ən konstruktiv mövqedir. Hesab edirəm ki, Azərbaycan xalqı da bütövlükdə belə bir mövqe sərgiləməlidir. Həm də ona görə ki, kimlərinsə qəti şəkildə müdafiə etdiyi “HƏMAS” Fələstin muxtariyyətinin özü tərəfindən terror təşkilatı kimi tanınır. Yarandığı dövrdən də, nizamnaməsində də, məramnaməsində də göstərib ki, bir siyasi təşkilat kimi onun vəzifəsi İsrail dövlətini məhv etməkdir. Və “HƏMAS” 1980-ci illərin sonlarından öz ilk fəaliyyətinə İsrail hərbçilərinin oğurlanmasıyla başlayıb, bu səpkidə də davam ediblər.”
Siyasətçi hesab edir ki, Azərbaycan tərəfi bəhs edilən münaqişəyə müdaxilə etməməlidir.
“Hazırkı qarşıdurma da əslində İsrail-Fələstin yox, İsrail-“HƏMAS” məsələsidir. Ona görə də ərəb dövlətlərinin bir çoxu da “HƏMAS”ı terror təşkilatı kimi tanıyırlar. Və indiyədək onu müdafiə edənlər də artıq onun müdafiəsindən geri çəkiliblər. Biz də arzu etməliyik ki, tezliklə bu münaqişənin hərbi fazası dayansın. Yəni dinc insanların həlak olması, yaralanması və ev-eşiyindən məhrum olması böyük faciədir və biz bunun əleyhinə olmaqla yanaşı, eyni zamanda həmin münaqişəyə müdaxilə də etməməliyik. Bir daha təkrar edirəm ki, dövlətimizin bu münaqişə ilə bağlı mövqeyi ən optimal mövqedir”, - deyə Etibar Məmmədov vurğulayıb.