Sosial proqramlarda məcburi köçkünlərin problemlərinin həlli ön sıradadır
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatların ana xəttini əhalinin, xüsusilə aztəminatlı vətəndaşın sosial müdafiəsini daha da gücləndirmək, sürətli iqtisadi inkişafın davamlılığının təmin olunması yolu ilə dövlətin gəlirlərini artırmaq və qazanılmış yeni maliyyə mənbələrini insanların rifah halının yaxşılaşdırılmasına yönəltməkdir. Son illər Bakıda və regionlarda məcburi köçkünlər yeni qəsəbələrin tikintisinin geniş vüsət alması da dövlət başçısının sosial məsələlərə həssas münasibətinin, əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən məcburi köçkünlərə xüsusi qayğısının nəticəsdir”.
Laçın rayonundan olan məcburi köçkünlərin Milli Məclisdəki təmsilçisi, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bu təbəqədən olan vətəndaşların məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları şərh edərkən belə deyib. Hazırda həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna rəhbərlik edən millət vəkili iyulun 5-də Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verildiyini xatırladaraq, bunu ölkə başçısının məcburi köçkünlərə qayğısının növbəti təzahürü kimi qiymətləndirib: “Ölkə rəhbərliyi uzun illərdir darısqal yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərin ağır və çətin şəraitdə yaşadığından xəbərdardır, imkan olduğu qədər bu problemlərin həllinə çalışır. Pirallahıdakı yeni yaşayış kompleksi də dövlətin işğal edilmiş rayonlardan məcburi köçkün düşmüş vətəndaşlara sosial qayğısının bir nümunəsidir. Həmin kompleksdə Pirallahı rayonundakı yataqxanalarda, yarımçıq tikililərdə, inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi yaşayacaq”.
3 ayda 2 min 227 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb
Xatırladaq ki, “Kristal Abşeron” MTK-nin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında inşa etdiyi bu yaşayış kompleksi 3 ədəd doqquzmərtəbəli binadan və zəruri infrastrukturlarla təmin edilmiş sosial xidmət müəssisələrindən ibarətdir. Belə ki, yaşayış kompleksində məcburi köçkün ailələrdən olan uşaqlar üçün məktəb və digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Burada elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemi, rabitə və televiziya şəbəkəsi də qurulub.
Mahir Abbaszadə deyib ki, Pirallahıda inşa edilmiş bu çoxmənzilli binalar indiyədək məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir. Onun sözlərinə görə, artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində isə 470 mənzil məcburi köçkünlərə təqdim edilib.
Fond rəhbəri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri vurğulayıb. O qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Həmçinin Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub: “2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2 min 227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub”.
Yeni yaşayış massivləri salınacaq
Məcburi köçkünlərin problemlərinin həllinin sosial sahədə ən prioritet məsələlərdən olduğunu deyən Mahir Abbaszadə bildirib ki, bu ilin sonuna qədər məcburi köçkünlər üçün daha 6 min mənzil istifadəyə veriləcək. Onun sözlərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında, bu il Şirvan şəhərində 685, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130, Ağcabədi rayonunun “Taxta körpü” ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqanda 146, Füzulidə 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcək. Növbəti mərhələdə isə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında həyata keçiriləcək.
“Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə 8485 məcburi köçkün ailəsi məskunlaşıb. Köçürülmə prosesi zamanı ilk növbədə belə tikililərdə məskunlaşmış ailələrin köçürülməsinə daha çox diqqət yetirilir. Yəni yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülür. Bu il Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb”, – deyə fond rəhbəri əlavə edib.
Məşğulluğun təmin edilməsi diqqət mərkəzində
Məcburi köçkünlərin məşğulluq məsələri də dövlətin xüsusi nəzarəti altındadır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bu təbəqədən olan vətəndaşların sıx məkunlaşdıqları ərazilərdə yeni-yeni kiçik müəssisələr yaradılır, əmək yarmarkaları və digər məşğulluq tədbirləri keçirilir. Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda keçirilən əmək yarmarkasında 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.
Aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi nəticəsind təkcə bu ilin birinci rübündə 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Dövlət Məşğulluq Xidmətində bildirirlər ki, məcburi könüllərin sıx məskunlaşdıqları ərazilərdə bu il daha bir neçə əmək yarmarkasının təşkili nəzərdə tutulur. Məqsəd sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlər arasında işsizlik səviyyəsini minimuma endirmək, onların rifahının yaxşılaşdırılmasını təmin etməkdir. Qarşıdakı aylarda keçiriləcək əmək yarmarkaları da məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə, onların məşğulluğunun təminatına xidmət edəcək.
Bir neçə il əvvəl icrasına başlanmış özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlər arasında məcburi köçkünlərin sayı əhəmiyyətli dərəcədə artıb. Təkcə bu ilin yanvar-aprel aylarında özünüməşğulluq proqramına cəlb olunan 1610 nəfərin 400-ə yaxını məhz məcburi köçkünlərdir. Artıq həmin məcburi köçkün ailələrinin hər birinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub. Yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.
Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlar ötən il də uğurlu nəticələrlə yadda qalıb. Belə ki, 2018-ci ildə məşğulluq orqanlarının xətti ilə 3298 nəfər məcburi köçkün işlə təmin edilib. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində 7 min nəfər üçün müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan təsərrüfatlar yaradılıb ki, bunun da 1361-i məcburi köçkünlərə aiddir. Bu isə məcburi köçkünlərin məşğulluğunun və kiçik ailə biznesinin yaradılmasına, sosial rifah halının yaxşılaşdırılmasına yönəldilən dövlət dəstəyinin növbəti nümunəsidir.
Prezidentin qayğısı...
Yeri gəlmişkən, Prezident İlham Əliyevin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı aprelin 1-dən qüvvəyə minib. Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb. Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunur.
Bütün bunlar Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir yaşayış komplekslərinə köçürülməsi, onların məskunlaşdıqları ərazilərdə təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, məşğulluq proqramlarında bu təbəqədən olan vətəndaşlara üstünlük verilməsi, vahid aylıq müavinətin məbləğinin artırılması və digər tədbirlər dövlətin sosial qayısının ən bariz nümunələridir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün bu tədbirlər məcburi köçkünlərin rifah halının yüksəldilməsinə, həyat səviyyəsinin yaxşılaşdırılmasına hesablanıb.
P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.