Dövlət İmtahan Mərkəzi tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
DİM-dən hafta.az-a verilən xəbərə görə, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1104 nəfərdən 48 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 aprel 2024‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 aprel saat 12:00-dan 17 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.