DTX məktəblərdə interaktiv seminarlar keçirib

16:34 19.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar.

Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur.

Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri – terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrıseçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkədə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimləri, DTX-nin təcrübəli əməkdaşları və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır.

DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara rayonun 41 məktəb və kollecinin müəllim və şagirdləri qatılıb.