Dudanın bu addımının izahı yoxdur - Hikmət Məmmədov

18:46 28.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Polşa Şərqi Avropada baş verən gərginliyin tam mərkəzindədir. Polşanın diplomatik institutları bu davranışla bağlı açıqlama verməlidirlər. Bütün hallarda isə bu cür hərəkətlərin heç bir bəraəti yoxdur və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında məsələ öz əksini tapıb”.

Bunu hafta.az-a deputat Hikmət Məmmədov Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər etməsi, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakı ilə bağlı bildirib.

Deputat Dudanın bir ölkə prezidenti olaraq hər hansı dövlətlə əlaqələr qurmasını onun öz daxili işi hesab edib. Eyni zamanda bildirib ki, qurulan münasibətlər üçüncü ölkələrin maraqlarına toxunmamalıdır.

“Dudanın Ermənistanda səfəri zamanı Azərbaycanla sərhəddə gəlməsi, beynəlxalq hüquqa qarşı təxribat törədən, sülhə qarşı binokl siyasəti yürüdən Avropa Birliyinin monitorinq misiyası ilə görüşməsi, həm beynəlxalq münasibətlər, həm də Azərbaycan-Polşa münasibətləri nəzərindən izahedilən deyil. Bu gələcəkdə Polşa-Azərbaycan münasibətlərinin perspektivlərinə də kölgə sala bilər. Bütün dünyada münasibətlərin gərgin olduğu bir vaxtda Cənubi Qafqaz kimi kiçik bir regionda əlavə gərginlik yaratmaq düzgün davranış deyil”.