BMT-nin Uşaq Fondu (UNICEF) və Dünya Bankının birgə dərc etdiyi hesabata görə, dünyada 333 milyon uşaq həddindən artıq yoxsulluq içərisindədir. Bu onu göstərir ki, hər 6 uşaqdan 1-i ifrat yoxsulluqdan əziyyət çəkir.
Hafta.az-ın “Beynəlxalq aclıq xəttinə görə yoxsulluq içində yaşayan uşaqlar” başlıqlı hesabata istinadən yazdığına görə, gündəlik limiti 2,15 dollardan aşağı yaşayan və “həddindən artıq yoxsulluq” hesab edilən uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər 13 faiz azaldığı və 383 milyon nəfərdən 333 milyona düşdüyü diqqətə çatdırılıb.
Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu sürətin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə nail olunmayacağı qeyd edilib.
Hesabatda uşaq yoxsulluğunun ən böyük yükünü Sahara-altı Afrika bölgəsinin daşıdığına diqqət çəkilərək, dünyadakı "həddindən artıq yoxsul" uşaqların yüzdə 40-ının bu bölgədə olduğu ifadə edilib.
Hesabatda 2013-cü ildə yüzdə 54,8 olan bu bölgədə uşaq yoxsulluğu səviyyəsinin 2022-ci ildə yüzdə 71,1-ə yüksəldiyi də vurğulanıb.
UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələyə üstünlük verməyə çağırıb.