“Ebola” virusu ilə bağlı vəziyyət ağırlaşır

09:09 25.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında (DR) “Ebola” virusuna yoluxma şübhəlisi ilə bağlı halların sayı 900-ü ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədə paylaşım edib.

Hafta.az xəbər verir ki, ölkədə 900-dən çox şübhəli yoluxma halı müəyyən olunub, onlardan 101-i laborator şəkildə təsdiqlənib.

Tedros AdhanomQebreyesus bildirib ki, epidemiyanın əsas ocağı sayılan İturi əyalətində təhlükəsizlik problemi vəziyyəti daha da çətinləşdirir. Zorakılıq və məcburi köçkünlük səbəbindən təmasların izlənməsi və yoluxmaların erkən aşkarlanması ciddi şəkildə məhdudlaşıb.

Qeyd edilib ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsini “yüksək”dən “çox yüksək”ə qaldırıb.

ÜST rəhbəri qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri virusun nadir variantının yayılmasıdır. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.