Ədalətli və şəffaf seçki

15:15 24.12.2009
Yazını böyüt
Yazını kiçilt
Dünən Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Proses 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində baş tutdu. Qeyd edək ki, 1718 bələdiyyə üzrə 15.682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd bu yerlər uğrunda mübarizə aparıb. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16.755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14.073 nəfəri isə fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubiyyətini göstərməyib, 11.147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edir. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edib. 15.773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı olub. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmayıb. Səsvermə dünən saat 8:00-da başlayıb, 19:00-da başa çatıb. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat verilib. Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Qanun pozuntuları
barədə məlumatlar
doğru deyilmiş....

Seçkilərin gedişatı barədə dünən ombudsman Elmira Süleymanova da mövqeyini açıqladı. Bildirdi ki, Ombudsman Aparatının 38 əməkdaşı rayonlarda seçkini müşahidə edib. Onun sözlərinə görə, narazılıq yaradan əsas məsələ seçicilərə bildiriş vərəqələrinin paylanmamasıdır: “Vətəndaşlar daha çox ondan şikayətçidirlər ki, adları siyahıda yoxdur. Əvvəllər əlavə siyahıya daxil olmaq problem idi, bunun üçün məhkəməyə müraciət olunurdu. İndi bu, asanlaşıb. Səs vermək istəyən vətəndaş məntəqəyə müraciət etməklə əlavə siyahıya daxil ola bilər“.
Ombudsman onu da bildirdi ki, əhaliyə seçici vərəqələrinin çatdırılmasında problemi yaradan məqamlardan biri köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsidir: “Bu proses o qədər sürətlə gedir ki, bəzi seçiciləri tapmaq mümkün olmur“. E.Süleymanovanın fikrincə, səsvermə prosesinin ləng getməsinin səbəblərindən biri odur ki namizədlər çoxdur və vətəndaş kabinələrdə seçim edərkən ordan çox gec çıxır. Seçki prosesini məqbul hesab etdiyini deyən ombudsman indiyə qədərki göstəriciləri yaxşı dəyərləndirib. Daha sonra o, “Azadlıq“ radiosunda gedən xəbərlərdən birinə münasibət bildirib. Radio xəbər verib ki, Xətai 36 saylı seçki dairəsində Ağayev Həsən adlı vətəndaş bir neçə məntəqədə səs verib. E.Süleymanova aparılan araşdırma zamanı Xətai rayonunda bu adda vətəndaşın siyahıda olmadığını müəyyən etdiklərini deyib: “Bəzi xəbərlərdə deyilir ki, vətəndaşlara xüsusi siyahı paylayırlar ki, kimlərə səs versinlər. Bu xəbər də öz təsdiqini tapmayıb“.
Dünən bələdiyyə seçkiləri ilə bağlı daxil olan şikayətlərə baxılması üçün MSK-nın da növbəti iclası keçirildi. Toplantıda çıxış edən MSK katibi Natiq Məmmədov bildirdi ki, quruma daxil olmuş 6 şikayət araşdırılıb: “Həmin şikayətlərdə sadalanan faktların heç biri təsdiqini tapmayıb. Həmin şikayətlər əsassız olduğu üçün geri qaytarılıb“. N.Məmmədovun qənaətincə isə bələdiyyə seçkilərində seçici fəallığının parlament və prezident seçkilərindəki fəallıqdan fərqlənməsi normal haldır. O, faiz göstəricisinin narahatlıq doğurmadığını vurğuladı. “Bələdiyyə Azərbaycanda yeni bir institutdur“ deyən MSK katibi hazırkı fəallığı həm də bu səbəbdən bələdiyyəyə uyğun saydığını söyləyib. MSK sədri Məzahir Pənahov isə mətbuatda bələdiyyə üzvlüyünə seçiləcək namizədlərin siyahısının dərc olunmasını əsassız məlumat adlandırdı: “Seçki keçirilmədən kimin seçiləcəyini demək qeyri-mümkündür“. “Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar“ - bu fikirləri dünən MSK sədri Məzahir Pənahov yurnalistlərə açıqlamasında səsləndirdi. Qeyd edək ki, M.Pənahov 10-cu Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səs verib.

Seçici fəallığı
yüksək olub

Seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilər də prosesin gedişindən razılıqlarını ifadə ediblər. Norveç Krallığının ölkəmizdəki səfirliyinin birinci katibi Lars Rangnar Aalerud Hansen 9 saylı Binəqədi ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində bələdiyyə seçkilərinin gedişini izləyib. Azərbaycanda keçirilən seçkilərdə ilk dəfə müşahidə apardığını deyən Lars Rangnar Aalerud Hansen bildirib ki, məntəqədə seçkilər şəffaf keçir: “Seçkinin gedişi normaldır. Müşahidə etdiyim məntəqədə seçici fəallığı vardır. Hiss olunur ki, ölkə bu seçkiyə yaxşı hazırlaşmıdşır. Hələlik bu məntəqədə qanun pozuntusu qeydə alınmayıb“.
23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində bələdiyyə seçkilərini müşahidə etmiş Türkiyədən olan müşahidəçi Qaya Doğanoğlu seçki prosesindən razı qaldığını söyləyib. Müşahidəçi məntəqələrdə yaradılan yüksək şəraitdən və seçici fəallığından sonra bildirib ki, Avropanın özündə belə Azərbaycanda keçirilən seçkilər kimi azad, demokratik seçkilər keçirilmir. Bu fakt onu deməyə əsas verir ki, əhali arasında bələdiyyələrə maraq böyükdür.
Bələdiyyə seçkilərini MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının (MDB PAA DİMBİ) əməkdaşları da izləyiblər. Onlar müşahidəni əsasən Bakı şəhərinin Əzizbəyov, Sabunçu, Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov, Yasamal, Səbail rayonlarında yerləşən seçki məntəqələrində həyata keçiriblər. MDB PAA DİMBİ-nin mətbuat xidmətindən bildiriblər ki, müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntularına rast gəlinməyib. Seçki məntəqələrində səsvermənin demokratik, şəffaf keçirilməsi üçün hər bir şəraitin olduğu müşahidə edilib. Səhər saatlarında seçici fəallığının aşağı səviyyədə olmasına baxmayaraq, günün ikinci yarısında məntəqələrdə fəallıq yüksək olub.
“Azərbaycanda beynəlxalq müşahidəçilərin bələdiyyə seçkilərini yaxından izləməsi üçün lazımi şərait yaradılıb“ - bu fikirləri isə Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar “Seçkilər“ İnformasiya Mərkəzində yurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel səsləndirdi. Onun sözlərinə görə, təmsil etdiyi qurum rəsmi olaraq seçkiləri izləmir: “Lakin qeyri-hökumət təşkilatlarından bizə daxil olan məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edirik. Hələlik ciddi qanun pozuntusu ilə bağlı bizə heç bir şikayət daxil olmayıb“.
Bələdiyyə seçkilərini Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq missiyası da müşahidə edib. Yerli və Regional Hakimiyyətlər Konqresi katibliyinin kommunikasiya, beynəlxalq əlaqələr və seçki müşahidəsi bölməsinin rəhbəri Renat Ziqmund və nümayəndə heyətinin macarıstanlı üzvü İştvan Borbeli əvvəlcə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 saylı məntəqəsində seçkilərin gedişini müşahidə ediblər. Beynəlxalq müşahidəçilər məntəqədə səsvermə başlamazdan əvvəl görülən hazırlıq işləri ilə tanış olublar. Müşahidələr göstərib ki, məntəqədə heç bir qanun pozuntusu aşkarlanmayıb, bülletenlər, seçki qutusu, eləcə də səsvermə kabinələri seçkiyə hazırdır. Rayonun 30 saylı seçki məntəqəsinə də baş çəkən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq missiyasının müşahidəçilərinə məlumat verildi ki, məntəqədə səsvermə hüququna malik 1371 seçici var. Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı rəylərini bu gün keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.
Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov isə bildirib ki, axşam saatlarına qədər MSK-ya nə yerli, nə də beynəlxalq müşahidəçilərdən heç bir şikayət, irad və təklif daxil olmayıb. Bu isə onu göstərir ki, seçki prosesi normal gedir, seçkilərdə demokratiklik və şəffaflıq tam təmin olunur və müşahidəçilər də bunu görürlər. R.Qasımov onu da bildirdi ki, MSK-da “qaynar xətt“ fəaliyyət göstərir, beynəlxalq müşahidəçilərə isə MSK rəsmiləri ilə əlaqə saxlamaq üçün bütün imkanlar yaradılıb.

Müxalifət də
prosesdən razı qalıb

Bəzi müxalifət partiyaları dünən seçki prosesinin gedişatı ilə bağlı çoxsaylı qanun pozuntuları aşkarlamaları barədə müxtəlif açıqlamalar yaysalar da, bu məlumatların heç biri özünü doğrultmayıb. Ümumilikdə prosesə qatılan partiyaların bir çoxu seçkilərin gedişindən razılıq ifadə ediblər. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, özü paytaxtdakı 15 məntəqədə müşahidələr aparıb. Səsvermənin gedişatı və seçicilərə zəruri şəraitin yaradılması ilə bağlı heç bir qanun pozuntusuna rast gəlməyib. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, onun rəhbərlik etdiyi təşkilatın da müşahidəçiləri müxtəlif dairələrdə müşahidələr aparırlar. Günorta saatlarına qədər heç bir qanun pozuntusu ilə rastlaşmayıblar. “Seçici fəallığına gəldikdə isə mən bunu orta səviyyədə qiymətləndirir və bələdiyyə seçkiləri üçün normal qarşılayıram. Bununla yanaşı, müxalifət partiyaları və siyasi təşkilatlarından olan namizədlərin tərəfdarlarının böyük fəallığı müşahidə olunmaqdadır. Çünki bələdiyyə seçkilərinə qatılaraq orada qalib gəlmək üçün geniş imkanlar var“.
Hakim Yeni Azərbaycan Partiyası da bələdiyyə seçkilərinin gedişini müsbət qiymətləndirir. YAP-ın səlahiyyətli nümayəndəsi, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Mediaforum“ saytına açıqlamasında deyib ki, seçkinin gedişini Səbail rayonunun seçki məntəqələrində müşahidə edib: “Seçkilər yaxşı təşkil olunub, normal, sakit keçir. Seçicilərin fəallığı da kifayət qədər yüksəkdir. Ümid edirəm ki, bu saatlardan sonra fəallıq daha da artacaq“. Bələdiyyə seçkilərində YAP-ın 15 min 637 nəfər namizədi mübarizə aparır.

Jurnalistlərə maneə yaradılmayıb

Mətbuat Şurasının məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanır ki, bələdiyyə seçkiləri ilə əlaqədar yaratdığı “qaynar xətt“ reyiminə proses zamanı peşə vəzifəsini yerinə yetirən yurnalistlər tərəfindən zəng daxil olmayıb. Şuranın yerlərdə seçki prosesini izləyən monitorinq qrupunun üzvləri də bununla bağlı hər hansı fakt qeydə almayıblar. Şuranın (012) 561-82-46 və (012) 561-80-37 saylı telefonları saat 8:00-dan 19:00-dək “qaynar“ reyimdə fəaliyyət göstərib. “Qaynar xətt“in yaradılmasında məqsəd bələdiyyə seçkisini işıqlandıran KİV təmsilçilərinə qarşı mümkün maneələri müəyyənləşdirməkdən və onlar barədə operativ tədbir görməkdən ibarət olub. MŞ İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu da gün ərzində fəaliyyətdə olub. Qrupun üzvləri paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrində dairə və məntəqə seçki komissiyalarına baş çəkərək yurnalistlərə yaradılan şəraitlə maraqlanıblar.
Dünən keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 31,86 faizi səsvermədə iştirak edib. MSK-nın “Seçkilər“ İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynovun sözlərinə görə, bu, seçicilərin 1 milyon 462 min 74 nəfəri deməkdir. Ümumilikdə isə bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarında 4 milyon 588 min 728 seçicinin adı olub.

Azad Əliyev
rubrikasından digər xəbərlər