Əfqanıstanda xərclənən pullar haradadır - ABŞ 2 TRİLYON, ALMANİYA 300 MİLYARD DOLLAR

19:05 17.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son günlər ortaya o qədər ziddiyyətli məlumatlar çıxır ki... Deyirlər,  Rusiyanın guya taliblərlə əvvəlcədən əlaqəsi mövcud olub, Çin onların nümayəndələrini bu günlərdə qəbul edib. Bu yandan da yadımıza salırıq ki, “Taliban”ın əsas qərargahı indiyədək Qətərin paytaxtı Dohada olub.

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası məhz Qətərdədir, taliblərin Amerika ilə də sıx əlaqəsi olması  anlaşılır:

"Yəni belə çıxır ki, əsas aparıcı dünya dövlətlərinin “Taliban”la müəyyən bağlılığı çoxdan mövcuddur... İran da, deyəsən, bəyanat verib ki, taliblərin Əfqanıstanda guya amerikanları qovmaqla hakimiyyətə gəlişini alqışlayır... Yəni bir daha deyirəm, Əfqanıstanda gedən proseslərin indiki sonluğu, ola bilsin, kənardan müşahidə edən bizlər üçün gözlənilməz oldu. Lakin aparıcı siyasi oyunçular çoxdan buna hazır olublar.  Ona görə də 300 minlik ordu birdən-birə çökdü... Belə alındı ki, Qərb modeli Əfqanıstan üçün işlək deyil  və artıq heç kəs oraya boş-boşuna pul xərcləmək istəmədi..."

Onun sözlərinə görə, sovetlərin vaxtında öyrəşmişdik ki, hər ölkənin bir ideologiyası olmalıdır. SSRİ dağıldı və kommunist ideologiyasından azad olduq: "Və yeni bir ideologiya gəldi – demokratiya.  Amma bəlli oldu ki, bu ideiologiyaların heç  biri Əfqanıstana yaramır.  Həm də hər ölkə öz maraqlarını həyata keçirir.  Hiss olunur ki,  ABŞ üçün artıq bu bölgə  maraq kəsb etmir.  Yəni dünyada digər fövqəl güc formalaşıb. Bu da Çindir.  Və bu baxımdan  o uzaqlıqdan bu qədər maliyyə vəsaiti sərf etmək bəlkə də ABŞ-ın maraqlarından kənar olan məsələdir.  ABŞ  Əfqanıstandakı əməliyyatlar üçün 2 trilyon dollara yaxın,  Almaniya 300 milyard avrodan çox vəsait xərcləyib.   Hamısını hesablasaq, qeyri-iradi düşünəcəyik ki, bu pullar necə oldu, haraya xərcləndi. Elə bir güclü ordu qurulmayıb, infrastruktur yaradılmayıb. Bəzi araşdırmaçılar deyir ki, həmin trilyonlar, milyardlar,  sadəcə,  “yeyilib”... Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın. Baxaq, görək nə iş görürlər..."