“Əkizlərim mənə taleyin hədiyyəsidir” - Beyons

10:46 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya miqyasında populyarlıq qazanmış ulduzların ekran arxasında real həyatı hər kəsi maraqlandırır.

Hafta.az-ın yazdığına görə, hətta bəzən səhnədə görə bildiklərimizdən daha çox maraqlı nüanslar olur. Elə məşhur ulduz Beyonsun həyatı kimi.

Müğənni u yaxınılarda verdiyi geniş müsahibədə həyatından ətraflı danışıb. Beyons yaz albomu “Cowboy Carter” haqqında təəssüratlarını və şəxsi həyatı ilə bağlı maraqlı faktları bölüşüb:

"İndiyə qədər əldə etdiklərimlə fəxr edirəm, lakin eyni zamanda ailəmin və mənim keçdiyim fədakarlıqları başa düşürəm və etiraf edirəm. Bilirsiniz, mənim üçün həyatda ən böyük mükafat ürəyimdəki sevinc hissidir. Əgər yazdığım musiqi insanları azad düşünməyə, mümkünsüzün olmadığına inanmağa inandırırsa, bu, mənim üçün böyük hədiyyədir” deyib Beyons.

Həmçinin, Beyons çoxuşaqlı ana rolunu ağır və gərgin iş qrafikinə baxmayaraq uğurla ifa edən ulduzlardandır. Axı sonsuz səfərlərdə, qastrollarda olan müğənni üçün yaxşı ana statusunu saxlamaq asan deyil. Beyonsun karyerasına, biznes təşəbbüslərinə və populyarlığına baxmayaraq, ailəsi və övladları müğənninin həyatında ən yüksək prioritetlərdir:

“İş qrafikimi tərtib edərkən ailə planlarına fikir verirəm. Mən yalnız uşaqlarım məktəbdə olmayanda səyahət etməyə çalışıram, çünki həmişə ailəmlə dünyanı gəzmək, övladlarımı müxtəlif dillər, memarlıq və həyat tərzləri ilə tanış etmək arzusunda olmuşam. Üç uşaq böyütmək asan deyil. Onlar böyüdükcə öz ehtiyaclarını, hobbilərini inkişaf etdirir, ictimai həyata daxil olur və beləliklə, müstəqil fərd olmağa başlayırlar. Bütün bunlara önəm verilməlidir. Əkizlərim Allahın mənə bəxş etdiyi ən böyük hədiyyədir”, - müğənni deyir.

Pərəstişkarları bir sual maraqlandırır: Beyons hər şeyi necə idarə edir və model ana statusunu necə qoruyur? Ulduzun sözlərinə görə, hər şey musiqiyə aiddir. Çətin anlarda musiqi onun güc və motivasiya çırağı olur:

“Oxumaq məni sakitləşdirir, ürək döyüntülərimi tənzimləyir. Musiqi mənim üçün ən yaxşı dopamin mənbəyidir. Çünki müğənnilik mənim üçün iş deyil, hobbidir. Mən musiqi etməyi və oxumağı çox sevirəm. Çətin günlərdə, kədərlənəndə, xəstələnəndə və ya yuxusuz gecələrdə stress keçirəndə oxuyuram. Və çox vaxt tək oxuyuram”, – Beyons deyir.

Beyons həmişə fiziki cəhətdən sağlam olmağa çalışır. Müğənni hər cəhətdən öz üzərində işləməyi zəruri sayır: “Sağlamlığıma daim diqqət yetirməyə çalışıram, bunun üçün qida əlavələri qəbul edirəm, sağlam qidalanma rejiminə əməl edirəm. Məsələn, bu yay hinduşka istisna olmaqla, ət yeməkdən tamamilə imtina etdim. İndi fiziki cəhətdən daha sağlam olmaq üçün idmanla məşğul olmalıyam. Hələ buna vaxtım yoxdur, bəlkə sabah başlayacam?" deyir.