Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az-ın yazdığına görə, qəbulda 60-a yaxın qəsəbə sakini, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.