Əli Şamxaninin Azərbaycana səfər etməsi vacib məqamlardan xəbər verir - Politoloq

13:57 15.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin Azərbaycana səfər etməsi vacib məqamlardan xəbər verir. Belə ki, bu vəzifəni tutan şəxsin İranda Ali dini liderə tabe olması olduqca vacib və maraqlı məqamlardandır. Ona görə ki, məhz son dövrlər İranda bu seqmentdən olan məsul şəxslərin Azərbaycana qarşı təhdid dolu mesajlar verməsi və sonda bu yüksək vəzifəli şəxsin ölkəmizə səfəri onu deməyə əsas verir ki, sonda İranın radikal dini qrupları Azərbaycanla təhdid yox, masa üzərindən danışıqların aparılmasının mümkünlüyünü anlayıblar. Bunu tarixi və zaman baxımından şərt halına salan məqamlar vardır.

Bu fikirləri hafta.az-a politoloq Amid Əliyev deyib:

"Birincisi, İranda yaşayan əslən azərbaycanlılardan ibarət olan və hansısa kvazi-dini dövlət qurma ideyaları cəmiyyətdə özünə lazımi sosial dəstək tapmadı. Azərbaycanda xalq və iqtidar birliyi, eləcə də dini baxışlarda əldə edilən demokratik prinsiplər bu qisim ideyaların dəstəklənməyəcəyini bir daha sübuta yetirdi.

İkincisi, İsraillə Azərbaycan arasında əməkdaşlığın inkişaf etməsi Cənub qonşumuzu daha çox narahat edən məqamlardandır. tarixən israili düşmən simasında görən İran steblişmenti Azərbaycanda xüsusilə də Qarabağda İsrail şirkətlərinin iştirakını özünün milli maraq və mənafeyinə təhlükə kimi qiymətləndirmişdir. SEPAH-ın Azərbaycana qarşı İran KİV-də apardığı qara PR-ın da əsas səbəbi bu idi.

Üçüncüsü, yaxın zamanlarda İranda Türkiyə, Rusiya və İran rəhbərlərinin görüşü baş tutacaq. Daha doğrusu, regional əməkdaşlığı genişləndirmək və mövcud narazılıqların aradan qaldırılması istiqaməytində fikir müabdiləsinin aparılmasını təmin edən Zirvə görüşü. Bu Azərbaycan üçün də olduqca vacibdir. Çünki, həm Türkiyə, həm də Rusiya Azərbaycanın strateji müttəfiqləridir. Bu iki ölkənin İranla birgə bölgədə yeni əməkdaşlıq platforması yaratması Azərbaycanın maraqları və təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Əli Şamxaninin səfəri zamanı müzakirə oluna biləcək mövzular:

-Azərbaycana qarşı dini seqmentdə təhdidlərin və radikal münasibətin yumşaldılması;

-Azərbaycan tərəfindən bölgə üzrə təqdim olunan sülh gündəliyinin İranın dini rəhbərliyi tərəfindən tam şəkildə dəstəklənməsi;

-İsrail şirkətlərinin və İsraillə əməkdaşlığın sırf iqtisadi xarakter daşıdığını və bunun heç zaman İrana qarşı hərbi təhlükə yaratmayacağı faktını İran tərəfinə çatdırmaq;

-İranın Ali dini liderinin növbəti nümayəndəsinin Azərbaycana təyin olunması;

-Ermənistanla münasibətlərdə İran tərəfindən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi;

-Zəngəzur dəhlizinin işə düşməsi və Naxçıvandan dəmiryol xəttinin verilməsi İranın nəqliyyat dəhlizləri baxımından bloklanmasına yox, iqtisadi didvidentlərə xidmət edəcəyi faktının təşviqi.

İranın yükəsk səviyyəli qonağının Azərbaycana səfəri və bu günlərdə RF Azərbaycandakı səfirinin Şuşaya səfər etməsi İranda keçiriləcək üçtərəfli görüşün Azərbaycan üçün pozitiv notlarla tamamlanacağına işarə verir".