Azərbaycanda əlilliyi ləğv olunan şəxslərə 2 aylıq kompensasiya ödənilməsi təklif olunur. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlara əlilliyin kəsilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməsi vacib sayılır.
Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, əlilliyi ləğv olunan şəxslərə kompensasiyanın verilməsi ilə bağlı vahid yanaşmanın tətbiqi düzgün deyil:
“Bəzi qrup insanlar var ki, bu statusa haqları çatdıqları halda həqiqətən də onların əlillikləri ləğv olunub. Təbii ki, onlara həm kompensasiya ödənilməli, həm də paralel olaraq mütləq şəkildə əlillik statusları bərpa olunmalıdır. Həmin kompensasiya da aylar üzrə olanda əlilliyin göstəricisindən qəti olaraq az olmamalıdır. Əksinə, müəyyən indeksasiya şəklində əlavələr də olmalıdır. Amma o şəxslər ki, qeyri-qanuni yollarla əlillik statusu alıblar və illər boyu bundan yararlanıblar, həmin şəxslərə hansısa kompensasiyanın ödənilməsindən söhbət gedə bilməz. Düşürürəm ki, bu baş verməməlidir. Düzdür, onlar indiyə qədər müəyyən vəsait alıblar, lakin indi işsizdirlər və həmin vəsait də kəsilib və. s. Amma buna baxmayaraq həmin şəxslər bilərəkdən qanunu pozaraq 1, 5, bəziləri 10 il, yəni reallıq budur ki, müxtəlif zaman intervallarında kimlərinsə əli ilə qeyri-qanuni vəsait mənimsəyiblər. Və bu zaman təbii olaraq o şəxslərə şərait yaradanlar məsuluyyətə cəlb olunmalıdırlar”.