Əməkhaqqı fondundan tutulmaların səviyyəsi azaldıla bilərmi? - Açıqlama

15:22 22.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün ölkədə ciddi bahalaşma müşahidə olur. Demək olar ki, bütün sahələrdə qiymətlər gündəlik olaraq artır. Ekspertlər hesab edirlər ki, əhalinin gəlirləri mövcud bahalaşma tempinə adekvat deyil. Bu baxımdan əməkhaqlarının artırılması ilə yanaşı, əməkhaqqı fondundan tutulmaların səviyyəsinin azaldılması məqsədauyğun sayılır.

Bəs, görəsən, əməkhaqqı fondundan tutulmaların səviyyəsi azaldıla bilərmi?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, bu gün ölkəmizdə bahalaşmaya təsir göstərən bir sıra amillər var:

“Məsələn, bəzi istehsal olunan məhsulların xammalı xaricdən gəlir, bazardakı əksər məhsullar xaricdən idxal olunur, ölkədə şəffaflaşma gedir və əmək müqavilələri rəsmiləşdirilir. Bu kimi amillər bahalaşmaya təsir göstərir.

Bununla yanaşı olaraq, pandemiya ilə əlaqədar bütün müəssisələrdə dezenfeksiya işləri həyata keçirilir ki, bu proses 1000-10000 manat arası dəyişir. Bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır. Eyni zamanda, özəl sektorun dövlətin həyata keçirdiyi quruculuq-abadlıq işlərinə dəstək verilməsi kimi sosial xərcləri var. Yəni, bu kimi faktorlar istər-istəməz qiymət artımını şərtləndirir. Bu baxımdan əməkhaqqı fondundan tutulmaların səviyyəsinin azaldılması və ya bu məsələyə differensial yanaşma olsa yaxşı olar.

Bu addım şəffaf müqavilələrin sayını artırar, həm də xərcləri azaldar. Çünki bir işçi razı deyil ki, onun maaşından ciddi tutulmalar olsun. Tutaq ki, işçi rəsmi olaraq 600 manat alır və deyir ki, həmin 600 manat tam olaraq əlimə çatsın. Amma sahibkar deyəndə ki, məsələn, 600 manatdan sosial tutulmalar və s. nəticəsində işçiyə çatacaq məbləğ 600 manatdan aşağı olacaq, o zaman yaxşı mütəxəssis həmin işə gəlmir”.

Hazırda əməkhaqqı fondundan tutulmaların səviyyəsinin azaldılıb-azaldılmamasının nə dərəcədə real olmasına gəlincə, ekspert deyib ki, indiki mövcud vəziyyətdə ilk növbədə sahibkarlıq subyektlərinə bərabərhüquqlu azad rəqabət sistemi formalaşdırmaq lazımdır:

“İkinci məsələ ondan ibarətdir ki, sahibkarlıq subyektləri vergi və digər sosial öhdəliklərini yerinə yetirdikdən sonra dövlət onları başqa xeyriyyə və bu kimi işlərə cəlb etməsə daha yaxşı olar. Çünki başqa ölkələrin təcrübəsinə baxıb görürük ki, dövlət artıq vergi ödəyən sahbkarı başqa sosial məsələlərə cəlb etmir. Təbii ki, sahibkarların başqa sosial məsələlərə cəlb oluması istər-istəməz onlar üçün əlavə yükdür”.