Emin Həsənli: “Ermənistan vəziyyəti gərginləşdirmək istəyir"

11:17 02.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı, ABŞ və Ermənstan liderlərinin aprelin 5-də Brüsseldə planlaşdırılan üçtərəfli görüşü Azərbaycanla şərti sərhəddə yerləşğn erməni hərbi qüvvələrini hərəkətə gətirib. İşğalçıya qarşı sərt tədbirlər görməyən Qərbin münaqişəli vəziyyətlə bağlı uzun illər davam edən ikiüzlü və riyakar siyasəti regionda sülh və sabitliyə təhdid olaraq bu gün də yeni hərbi gündəm yaratmağa hesablanır.

Bu istiqamətdə hafta.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli Qərbi çirkin siyasətini 30 illik işğal dövründə ABŞ və Avropa İttifaqının işğala məruz qalan Azərbaycanla bağlı belə bir konfrans keçirməməsi, əksinə münaqişəli vəziyyəti uzatmaqla işğala məruz qalan tərəfi haqsızlığa boyun əyməyə sövq etməsi ilə əlaqələndirib:

“Ermənistan nəinki Qərbin, Avropanın sanksiyaları ilə üzləşdi, əksinə Azərbaycana qarşı qərəzli iddialarla çıxış etməkdən çəkinmədi. Nə Avropa, nə də Qərb Ermənistanın işğalçı siyasəti nəticəsində baş verən 30 illik işğal və müharibədən sonra dağıdılmış Azərbaycan ərazilərində nə mina probleminin həllinə, nə də bir kəndin belə bərpasına yardım etmədi. Üstəlik bu gün Qərb, Avropa Ermənistanı silahlandırır, hərbi təlimlər keçirir və işğalçı ölkə ilə hərbi paktın imzalanmasına, təhlükəszilik təminatının verilməsinə hesablanan 5 aprel görüşünün keçirilməsi ilə separatçıları yeni müharibəyə hazırlayır və Ermənistan üçün mini-Nato mexanizmi yaradır”.

E.Həsənli hesab edir ki, bütün bunlar beynəlxalq hüquqa söykəndiyini iddia edən hər hansı beynəlxalq qurum üçün heç bir dividend vəd etmir. Onun sözlərinə görə, Azərbaycan 30 il müddətində bu cür əks, ədalətsiz yanaşma ilə qarşılandı.
“Vaxtilə ATƏT-in Minsk Qrupunda cəmlənən Fransa, ABŞ və Rusiya kimi dövlətlər münaqişənin həlli istiqamətində irəliyə doğru heç bir addım ata bilmədi. Bu gün Fransa, ABŞ kimi dövlətlər həmin qurumun bərpa edilməsini regiona müdaxilə etmə proqramlarının bir hissəsi hesab edirlər. Çünki Qərbin, Avropanın Cənubi Qafqazda tarixi maraqları var. Avropa. xüsusən Fransa bölgəyə daxil olmaq üçün Ermənistanı dayaq nöqtəsi kimi istifadə edir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi indiki Ermənistanın paytaxtı, tarixi Azərbaycan torpağı olan İrəvandadır. Qərb, Avropa Ermənistanı Rusiyanın hərbi, iqtisadi. siyasi nəzarətindən çıxarıb öz təsirinə salmaq istəyir. Qərb bu prosesi Gürcüstanda, Ukraynada həyata keçirdiyi ssenari ilə həyata keçirməyi düşünür”.

Ekspert bildirib ki, Ermənistan Azərbaycanla münaqişə yaratmaq siyasəti nəticəsində vəziyyəti gərginləşdirmək istəyir. Qərbdən asılı olan Paşinyan bu prosesdə Rusiya ilə də oyunlar oynamaqda davam edir. Ermənistan odla oynadığını anlamır.
“Azərbaycan bölgəni sülh-əməkdaşlıq məkanına çevirib və şimalla cənubun nəqliyyat qovşağındadır və uğurlu iqtisadi layihələr həyata keçirdir, mədəniyyətlərarası dialoqu təmin edir.

Azərbaycan Qərbdən, Avropadan gələn təsirlərə baxmayaraq 44 gündə öz torpaqlarını işğaldan azad etdi. Regionda vəziyyəti gərginləşdirməyə çalışan Ermənistan üçün vəziyyət acınacaqlı olacaq. Ermənistan şərti sərhəddə hərəkətlənib, təxribatlarında davam edərsə özünün dövlətçiliyini zərbə altında qoyacaq”.

Siyasət rubrikasından digər xəbərlər