Ər-Riyadda 3-cü Beynəlxalq Humanitar Forum keçiriləcək

09:50 18.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kral Salman Yardım və Humanitar Tədqiqatlar Mərkəzi (KSRelief) BMT və onun humanitar təşkilatları ilə birgə, dünyanın fərqli ölkələrindən bir sıra liderlərin, donorların və sahə üzrə ekspertlərin iştirakı ilə 3-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunu təşkil edəcək. 

Hafta.az-ın yazdığına görə, fevralın 20-21-də Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin himayəsi altında paytaxt Ər-Riyadda keçiriləcək həmin forumda humanitar yardımla bağlı son inkişaflar müzakirə olunacaq, bu sahədə mövcud vəziyyəti nəzərə alan praktik və təsirli tədbirlərin hazırlanması yolları araşdırılacaq.

Forum beynəlxalq, eləcə də yerli institut və təşkilatların yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə beynəlxalq humanitar cəmiyyətin bütün sektorlarından ekspertləri və səlahiyyətli qərar qəbul edənləri bir araya gətirmək üçün ideal platforma yaradır.

Xüsusi elmi sessiyalar və tədbirlər vasitəsilə forum insan ehtiyaclarının inkişafının bir neçə əsas oxlarını və onlara cavab vermə yollarını müzakirə edəcək, humanitar fəaliyyəti dəstəkləmək üçün məlumatları təhlil edəcək. Bundan əlavə, liderlər, donorlar, əməkdaşlar və tədqiqatçılar arasında dialoqun və kommunikasiya kanallarının təkmilləşdirilməsi məsələsi müzakirə olunacaq. Eləcə də, humanitar fəaliyyətin inkişafı üçün ən yaxşı ideya və təcrübələri bölüşmək məqsədilə humanitar fəaliyyət, inkişaf, sülh və iqlim dəyişikliyi arasında əlaqə yanaşmasını aktivləşdirməklə davamlı inkişaf məqsədlərinə nail olmaq yolları müzakirəyə çıxarılacaq.

Humanitar işlərə xidmət etmək üçün texnologiya və rəqəmsal transformasiyanın uyğunlaşdırılması ilə yanaşı, humanitar yardım üçün innovativ, davamlı və effektiv həllərin işlənib hazırlanması, gəncləri könüllü olmağa və humanitar işlərə töhfə verməyə təşviq etmək üçün humanitar işdə ən görkəmli imkanlar da araşdırılacaq.