Ər-Riyadda "Saudi Media Forum 2" işə başlayıb - FOTO

13:55 20.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində "Saudi Media Forum 2" işə başlayıb.

Hafta.az-ın müxbirinin də qatıldığı tədbir 20-21 fevral tarixlərində olmaqla iki gün davam edəcək.  "Media sənayesi: imkanlar və çağırışıar" şüarı ilə keçirilən  foruma ərəb və digər ölkələrin KİV nümayəndələri, ekspertlər, analitiklər daxil olmaqla ümumilikdə 30-dan çox ölkədən 1500 nəfərə yaxın  nümayəndə qatılıb. 

Forumda medianın bütün formalarına - çap, auduo və rəqəmsal sahələrə həsr olunan 50-dən çox sessiya və seminar keçiriləcək. Panel müzakirələri media sahəsində baş verən yeniliklərlə yanaşı, jurnalistika prinsiplərinin pozulması, fake xəbərlərin mediada yer alması, vətəndaş mediasının ənənəvi mediaya təsiri və yaratdığı problemlər, rəqəmsal media, sosial platformaların ictimai rəydə rolu, robot jurnalistikasının inkişafı və sair məsələləri əhatə edir. Tədbir iştirakçıları həmçinin beynəlxalq təcrübəni bölüşməklə texnologiyaların inkişafı və sosial medianın genişlənməsi fonunda milli və beynəlxalq təcrübə və çağırışlar haqqında çıxışları dinləyəcək və müzakirələrdə iştirak edəcəklər. 

Çıxış edən Səudiyyə Ərəbistanı Yayım İdarəsinin baş direktoru  Məhəmməd əl-Harti bildirib ki, hazırda dünya mediası bir çox çətinliklərlə üzləşib və ərəb mediası da onun bir hissəsidir. Onun sözlərinə görə, jurnalistlər texnologiyaların inkişaf sürətinə və yeniliklərə uyğunlaşmalıdırlar.

Forumda müxtəlif ölkələrin media təcrübəsini əhatə edən "Media: müxtəliflik  və imkanlar", "Tədqiqat mərkəzləri və baxışların ölçülməsi, " Media  - süni intellektdən istifadənin etik və praktik alətləri",  "Səudiyyə Ərəbistanının təcrübəsində enerji sektorunda transformasiya", "Qadın liderliyinin gücləndirilməsi", "Kontent yaradıcılığı və Səudiyyə təcrübəsinin bölüşdürülməsi", "Xəbər agentlikləri - keçmiş və gələcək arasında", "Rəqəmsal influenser: media nümayəndələri, yaxud reklamçılar", "Mediada reklam məsələləri", "Yeni rəqəmsal dünyada media", "Media institutları, böhran diaqnozunun qiymətləndirilməsi və çağırışlarla üzləşmək" və sair mövzularda çıxışlarla davam edir. Həmçinin KİV-in dünyada iqtisadi, siyasi və sosial sferaya təsirindən bəhs edilir. 

Fevralın  21-də forum işini "Robot jurnalistikası", "Tik-Tok-un faydaları: fantaziya ilə reallıq arasında", "Rəqəmsal diplomatiya və cəmiyyətin ünsiyyət mədəniyyəti", "Sosial media- yaradıcılıq və marketinq" və sair mövzularda çıxışlar və panel müzakirələri ilə davam etdirəcək. 

Tədbir çərçivəsində "Səudiyyə Media Mükafatı" laureatının adı da elan olunacaq.  

Qeyd edək ki, "Saudi Media Forum 1" 2019-cu ildən Səudiyyə Ərəbistanı Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.