Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası jurnalistlərin suallarını cavablandırıb.
Hafta.az xəbər verir ki, Finlandiya və İsveçin NATO-ya üzvülüyünə etiraz edən Ankaranın mövqeyi ilə bağlı türk müxalifətinin reaksiyasına münasibət bildirən Ərdoğan vaxtilə Azərbaycanda səfir işləmiş Ünal Çeviközü də tənqid edib.
Qeyd edək ki, keçmiş türk səfir ikinci Qarabağ savaşında Azərbaycana qarşı tutumu ilə tənqid hədəfinə çevrilmişdi.
Ərdoğan deyib:
"Təbii ki, bu günə qədər Türkiyədə müxalifətin taktiki həqiqətlərinin nədən ibarət olduğunu öyrənə bilməmişik. Onların “taktiki cəhətdən yanlış” dediklərini də anlamaq mümkün deyil. Üstəlik, bu açıqlamanı verən şəxs keçmişdə Azərbaycanda xidmət göstərsə də, Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə açıqlamalar verib. Ona görə də onların şüurunun, ideyasının, düşüncələrinin hansı istiqamətdə işlədiyini anlamaq mümkün deyil. Atdığımız addımlarda taktika və strategiyalarımızı çox yaxşı düşünür, geniş mənada məsləhətləşmələrimizi edirik və ona uyğun addımlarımızı atırıq. Keçmişdə Yunanıstanı yenidən NATO-ya daxil edən insanlar da eyni düşüncədə idilər. Bu zehniyyətin nümayəndələri də keçmişdə Yunanıstanın yenidən NATO-ya daxil olmasını tövsiyə ediblər.Biz indi bunun əvəzini ödəyirik. Ümid edirəm ki, bir daha əvəzini ödəməyəcəyik".