Ermənilər Qarabağda su anbarları tikir - nə etməli?

11:40 03.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ərazilərimizdəki infrastrukturu məhv etməklə yanaşı, ölkəmizə qarşı su terroru da törədib. Belə ki, işğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar.

Yayda kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakətlər törədirdilər. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra isə ermənilər belə bir iddia ilə çıxış etdilər ki, son 30 ildə rastlaşmadıqları su qıtlığı ilə üzləşiblər. Bu iddianı “əsas” gətirərək “hərəkətə”keçiblər. Onların iddiasına görə, Xankəndini qidalandıran 3 kanaldan birinin suyu tamamilə quruyub, digərlərində isə sərfiyyat miqdarı 2/3 həddə azalıb. Guya bu səbəbdən ermənilər Xankəndi yaxınlığında su anbarı tikirlər və onları rus sülhməramlıları qoruyur. Ermənilər, demək olar ki, ötən ildən başlayaraq bir neçə istiqamətdə Azərbaycan tərəfinin icazəsi olmadan su anbarlarının inşasına başlayıblar. Bu istiqamətdə fəaliyyətlərini hazırda da davam etdirirlər.

Bəs görəsən, Azərbaycanın icazəsi olmadan inşa edilən yeni su anbarları hansı fəsadlara yol aça bilər? Bu anbarlar nəzarətimizdə olan çayların sululuq səviyyəsinə necə təsir göstərəcək?

Məsələni hafta.az-a şərh edən AMEA-nın müxbir üzvü, “Ruzigar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev bildirir ki, ermənilərin müvəqqəti yaşadığı Xocalı, Əsgəran və Xankəndi dörd tərəfdən Azərbaycanla əhatə olunub:

“Bu o deməkdir ki, həmin ərazilərdəki su ehtiyatlarının hər bir damlası bütün ölkəyə, o cümlədən ətraf rayonlara təsir edir. Əgər ermənilər su anbarları tikirlərsə, bu o deməkdir ki, onlar istədikləri vaxt suyu buraxacaqlar, istədikləri vaxt da qarşısını alacaqlar. Necə ki, bu terroru Sərsəng Su Anbarı vasitəsilə edirlər. Yəni işğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Görünür, onlar baş verən proseslərdən heç bir nəticə çıxarmayıblar. Əslində, iki ölkənin sərhədindən gedən çayların üzərində tikilən SES-lər üçün hər iki ölkənin də razılığı olmalıdır. Razılıq olmasa bu mümkün deyil. Bu, Samur, Araz, Alazan çaylarına və s. aiddir. Məsələn, Qabırrı çayının üzərində Gürcüstan tərəfdə tikilən SES-lər Azərbaycan ərazisinin biosferasına çox güclü təsir göstərir. Gah quraqlıq, gah da bataqlıq yaradır. Yəni çay öz normasında axmayanda bu cür ekstremal hallar baş verir. Ona görə də Xankəndi və onun ətrafında, yəni bizim hələlik nəzarətimizdə olmayan ərazilərimizdə istənilən hidrotexniki qurğunun tikilməsi qanunaziddir. Bu addım beynəlxalq qanunların pozulması deməkdir. Hesab edirəm, Azərbaycan tərəfi belə addımların qarşısını almalıdır. Həmin anbarların hamısını darmadağın etmək lazımdır ki, su aşağı istiqamətlərə rahat şəkildə gələ bilsin. Ermənilər heç bir qanuna tabe olmurlar, konvensiyalara qoşulmurlar, qoşulduqları konvensiyaların tələblərinə də əməl etmirlər”.

Yeri gəlmişkən

Rəsmi məlumata görə, işğal altındakı ərazilərdə 10-dək su anbarı, 7 sututarı olub. Ərazilərdəki suvarma şəbəkələrinin uzunluğu 6 426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1 429 ədəd olub. Ümumilikdə, Azərbaycanın 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetr hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda, demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyillilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə zəngindir.