Bu gün Azərbaycan Polisi Günüdür

08:00 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi.

Hafta.az xatırladır ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olub. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin simasında da hiss edir.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Azərbaycan Polisi vətəndaşların qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməkdə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməkdə davam edir.

İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşmaqla, qanunçuluğa ciddi riayət etməklə, xidməti vəzifələrini namusla və vicdanla yerinə yetirməklə, intizamlı olmaqla, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumaqla bərabər son aylarda Covid - 19 pandemiyasına qarşı fədakarcasına, yorulmadan və fasiləsiz mübarizə apararaq, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edərək, Azərbaycan Polisi Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyini və daim verdiyi Polis Andına sadiq qaldığını sübuta yetirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar.

Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.