Müharibədən sonra sülh müqaviləsinin imzalanması üçün “masaya oturdulan” işğalçı-məğlub Ermənistan təxribatçı əməllərindən geri çəkilmir. Bu mənada Ermənistanın Kəlbəcər istiqamətindən atəşkəsi pozması təsadüfi ola bilməz. Ermənilərin Kəlbəcərlə bağlı hədəfi nədir?
Hərbi ekspert Elxan Şıxəliyev hafta.az-a ilk növbədə atəşkəs rejiminin pozulması səbəblərinə diqqət çəkib. Bildirib ki, bu, ya müdafiə tapşırıqlarını yerinə yetirən bölmələrin nizamsızlığı üzündən pozula bilir, ya da icazəli, yaxud da göstəriş verildiyi halda baş verə bilər.
Hərbi ekspert Kəlbəcər istiqamətində Ermənistan tərəfdən atəşkəsin pozulmasının yalnız göstərişlə həyata keçirildiyi bildirib. E.Şıxəliyev hesab edir ki, atəşkəs həm də daxili siyasi vəziyyətlə əlaqədar komandirlərin siyasi rəhbərliyin deriktivlərini həyata keçirməkdən yayındıqları zaman da baş verir.
“Əslində Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əsasən atəşkəs rejiminə əməl etməlidir. Lakin atəşkəsin pozulması ilə Azərbaycan tərəfinə mesaj vermək istəyirlər ki, sülh sazişinin bağlanmasının və sərhədlərin delimitasiyasının, demarkasiyasının vaxtı çatmayıb. Əslində onlar buna hazır deyillər və bundan yayınmaq üçün atəşkəsi pozurlar və bununla da təmas xəttində Azərbaycan tərəfini də əks addım atmağa məcbur edirlər”.
Hərbi ekspert qeyd edib ki, sərhəd bölmələrində dislokasiya yerlərinin müəyyən olunması hər zaman yenilənir. Əgər hər hansı strateji yüksəklikdə mövqe tutmaq mümkündürsə, silahlı qüvvələrin bölmələri o mövqeləri tuturlar. Və yaxud, əvvəl tutulmuş mövqe varsa, onların yerlərini dəyişdirə bilirlər. Əslində sonrakı proseslər sərhədlərin müəyyənləşməsinin başlanmasına qədər mövqelərin necə müəyyən edəcəyindən asılı olacaq.
Onun sözlərinə görə, Kəlbəcər bölgəsində kifayət qədər strateji və taktiki yüksəklikllər var və silahlı qüvvələrimiz öz mövqelərini müəyyən edirlərsə, bu böyük məsafələrdə müşahidə qabiliyyəti yaradır.
E.Şıxəliyev bildirib ki, Ermənistan atəşkəsi pozmaqla həmin strateji, taktiki yüksəkliklərdə hakim olmaq, mövqe dəyişmələrini atəşkəsin pozulması altında həyata keçirməyə çalışırlar.
“Lakin Ermənistan tərəfi nə qədər atəşkəsi pozsalar da, üçtərəfli bəyanatın şərtlərinə əməl etməsələr də, artıq bizim silahlı qüvvələrimiz bütün cəbhə boyu -Arazdan Murova qədər əməliyyat şəraitinə nəzarət edir. Yəni təmas xəttində baş verən bu kimi insidentərin cavabı misli ilə verilir. Ermənilərin atəşkəsi pozması qarşılıqsız qalmır.Silahlı qüvvələrimiz onun fərqindədirlər ki, hələ sərhədlərin delimitasiyası, demarkasiyası tam həyata keçirilmədən Ermənistan tərəfindən bu kimi addımlar atılacaq. Ona görə silahlı qüvvələrimiz də adekvat cavab verməyə hazırdırlar. Ermənilərin atəşkəsi pozmasına görə verilən cavablar daha çox onları narahat eləməlidir, nəinki bizi...”