“Ermənistanda bloqçu Natali Aleksanyan kimi yeni reallıqları dərk edənlərin sayı, təəssüf ki, hələ çox deyil. Amma nəzərə alsaq ki, bu ölkədə Vətən müharibəsinədək belə insanların sayı yox səviyyəsində idi, o zaman indiki durumu az da olsa, qənaətbəxş hesab edə bilərik. Azərbaycan seqmentində olan jurmalstlərin, mütəxəssislərin, ekspertlərin, deputat və siyasi xadimlərin apardığı məqsədyönlü fəaliyyətlər Ermənistanda ictimai fikrin qismən də olsa, dəyişməsinə gətirib çıxarıb və son aylar ərzində biz əks tərəfdən daha çox Azərbaycanla birbaşa danışıqlar tərəfdarı olan ziyalılarına rast gəlirik.”
Bu fikirləri hafta.az-a açıqlamasında bu günlərdə erməni bloqçu Natali Aleksanyanla maraqlı debatı baş tutmuş hərbi ekspert Ədalət Verdiyev “Müşahidələriniz, təhlilləriniz nə göstərir, sizcə, Natali Aleksanyan kimi reallığı dərk edənlər Ermənistan əhalisinin təxminən neçə faizini təşkil edər?” sualını cavablandırarkən söyləyib.
“Bəs, ümumiyyətlə, Ermənistan bir cəmiyyət olaraq Azərbaycanla sülhə nə dərəcədə hazırdır?” sualına isə ekspert belə cavab verib:
“Ermənistanın Azərbaycanla sülhə hazır olmaqdan başqa yolu yoxdur. Ermənistan bu sülhü mütləq imzalayacaq. Çünki bu gün həmin ölkəyə sülh daha çox ehtiyacdır, nəinki Azərbaycana... Azərbaycana sülh 44 günlük Vətən savaşınadək lazım idi ki, o zaman bizim qız-gəlin, uşaqyaşlı, ahıl vətəndaşlarımız öz yaşadıqları evlərdə belə düşmən güllə və ya mərmilərindən həyatlarını itirirdilər. Artıq Azərbaycan üçün belə bir təhlükə mövcud deyil. Lakin yenə də Azərbaycan qalib tərəf olmasına rəğmən davamlı olaraq sülh təkliflərini təqdim edir, Ermənistan isə prosesi bir qədər uzatmağa çalışır. Çünki bu sülh sazişi Ermənistanın daxilində müəyyən kataklzimlərə də yol açır.”