“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməməsi Qərbin davamlı təzyiqləri fonunda baş verir. “Ermənistan Rusiyanın buxovundan çıxmalıdır" -deyən Qərb dairələri Paşinyana göstərişlər verir. Bunlardan biri də KTMT-dən uzaqlaşmaqla bağlıdır”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ermənistanın KTMT sammitinə qatılmaqdan imtinası, Rusiyanın Ermənistanı əldən verməmək üçün ata biləcəyi addımlar və Qərbin Cənubi Qafqaz çabaları ilə bağlı şərhində bildirib.
R.Bayramov Ermənistanın KTMT ilə bağlı bu cür ziddiyyətli manevrlərinin yeni olmadığını qeyd edib. Onun sözlərinə görə, bundan əvvəl də Ermənistan KTMT-nin ayrı-ayrı qurumlarının tədbirlərində iştirakdan imtina edib. O cümlədən də bildirib ki, KTMT-dən çıxmaq üçün müvafiq şərtlər tələb olunur. Belə ki, Ermənistan öz öhtəliklərini yerinə yetirəndən sonra 6 ay əvvəldən KTMT-dən çıxmaq haqqında müvafiq quruma məlumat verməli və müraciət etməlidir. Bu gün bu müraciətlərin olmaması onu göstərir ki, Ermənistan özü Qərbin təziqlərinə baxmayaraq hələ də KTMT-dən uzaqlaşmaq fikrində deyil.
R.Bayramov bu mənada Ermənistanın davranışlarını Qərb-Rusiya savaşı kontekstində adekvat hesab edib.
“Çünki KTMT, həm də Rusiya deməkdir. Ermənistanın böyük ölçüdə Rusiyadan asılılığı var: təhlükəsziliyinin Rusiya tərəfindən təmin edilməsi, iqtisadi, nəqliyyat və digər asılılıqları bu gün açıq şəkildə Ermənistanın KTMT-dən çıxmaqla bağlı rəsmi müraciət etməsinə imkan vermir. Eyni zamanda Paşinyan və komandası KTMT-də iştirak etmədiyini nümayiş etdirməklə Qərbə demək istəyir ki, biz siz deyənləri edirik, amma bunlar birdən- birə olmayacaq. Siz Rusiyadan sonra boşalacaq yeri dolduracaq zəmanəti təqdim eləmirsiz. Avropa İttifaqı ordakı müşahidə missiyasının statusu haqqında sazişin imzalanması, Fransanın silah tədarükü, ABŞ-ın təhlükəsizlik yastığı vəd etməsi, Avropa İttifaqının Ermənistanı Avropa sülh fondu çərçivəsində silahlandırmaq və maliyyələşdirmək imkanlarını nəzərədə keçirilməsi Ermənistanın Rusiyadan sonra təhlükəsziliyi üçün atılan addımlardır. Qərb də Ermənistana biz sizin təhlükəsizliyinizi təmin edəcəyik mesajını verib. Və bu Qusiya-Qərb qarşıdurması arasında Ermənistan da zaman-zaman bu və ya digər tərəfə reveranslar etməklə nələrəsə nail olmağa çalışır. Ona görə də Rusiya sülhməramlılarının mandatının uzadılmasını təklif edən Ermənistan ondan sonra Brüsseldə keçirilən görüşdə Rusiyanın bütün etirazlarına baxmayaraq Avropa İttifaqı müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı sənədə imza atdı. Ermənistan hər iki tərəflə oynayır. Məqsəd maksimum sərfəli şərtlərlə öz istəyinə nail olmadan ibarətdir”.
Politoloq hesab edir ki, Rusiya Ermənistanı əldən verməyəcək və bununla bağlı müvafiq addımlar atacaq. O, qeyd edib ki, artıq Rusiya telekanallarında bu istiqamətdə müxtəlif şərhlərin şahidi olmuşuq. Hələ ki, xəbərdarlıq qismində müəyyən fikirlər səsləndiriblər. Amma Rusiyanın əlində Ermənistana təzyiq etmək üçün böyük rıçaqları var və zaman-zaman istifadə edəcək.
“Digər tərəfdən, Qərb Ermənistana yaxınlaşmaqla özünün Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Cənubi Qafqaz ölkələri arasında ən sözə baxan, sifarişləri yerinə yetirən, istifadə üçün yararlı olan tək bir Ermənistan var deyə, Qərb öz siyasətini bu ölkəni ələ almağa yönəldib. Ona görə də Ermənistan -Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Paşinyana verilən icazədən asılı olacaq. Qərbə regionda konfrantasiyanın uzanması sərf edəcəksə bütün vasitələrlə sülh müqaviləsini imzalamamsı üçün Paşinyana təzyiq göstərəcəklər”.