Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsinin tikintisi başa çatır

16:29 17.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Türkiyə sərhədində Marqara keçid məntəqəsinin tikintisi gələn həftə tamamlana bilər.

Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə bu barədə bu gün, noyabrın 17-də hökumətin iclasından sonra Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan jurnalistlərlə söhbətində danışıb.

Nəzarət-keçid məntəqəsi, demək olar ki, hazırdır, bəlkə yaxın həftəyə hazır olacaq, demək olar ki, iş qalmayıb. Badasyanın sözlərinə görə, keyfiyyətə nəzarət aparılır.

Badasyanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılacağı təqdirdə yük maşınlarının hərəkəti ilə bağlı razılaşma hələlik əldə olmayıb.

“Əlbəttə, həm müsbət tərəfi var, həm də mənfi tərəfi ola bilər, amma təbii ki, sərhədlərin açıq olması sərhədlərin bağlı olmasından qat-qat yaxşıdır. Bu, aksiomatik həqiqətdir”, - deyə R.Badasyan qeyd edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan oktyabrın 30-da Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyini açıqlamışdı.

“Ermənistan-Türkiyə sərhədi 3-cü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılıb. Həmçinin mühüm infrastruktur işləri görülüb, biz Marqara keçid məntəqəsində yenidən təchizat işləri aparmışıq və bununla bağlı inkişafa hazırıq. Ümid edirik ki, razılaşmalar həyata keçiriləcək”, - deyə Paşinyan bildirib.