Ermənistan siyasi rəhbərliyi və müxalifətinin əsas müzakirə mövzusu yenidən Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində – müvəqqəti olaraq rus hərbçilərinin nəzarətində olan ərazilərdə məskunlaşmış ermənilərə «status» tələbidir.
Bu məsələ iki ölkənin münasibətlərinin normallaşdırılması ilə bağlı Moskva və Brüsselin moderatorluğu ilə aparılan danışıqlarda da qarşı tərəfin iddiası ilə qaldırılır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun «status» məsələsinin indi qaldırılmasının doğru olmadığı, rəsmi Bakının isə bu mövzunu müzakirə etməkdən tamamilə imtina etməsinə baxmayaraq İrəvanda hələ də bunun əksini düşünürlər.
Məlum fikirlər yüksək çinli erməni məmurlarının bəyanatlarında özünü daha qabarıq şəkildə hiss etdirir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə bəyan edib ki, «Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini onların statusu müəyyənləşdirməlidir». Onun sözlərinə görə, İrəvan bu bölgədəki ermənilərin hüquq və təhlükəsizliyinin təmininin vacibliyini vurğulayır. Qeyd edək ki, Armen Qriqoryanın açıqladığı tezisləri baş nazir Nikol Paşinyan da təkrarlayır.
Aydındır ki, «status» məsələsində erməni diplomatiyası ikili oyun oynayır.
Belə ki, Qriqoryan və Paşinyanın mövqeyi bir tərəfdən beynəlxalq tərəfdaşları tərəfindən «konstruktiv mövqe» kimi sərgilənə bilər. Biz Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürmürük, lakin Azərbaycanın tərkibində Qarabağdakı etnik ermənilərin hüquq və azadlıqlarının təminini tələb edirik. Bu halda rəsmi Bakının heç bir iradı qalmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Konstitusiyası etnik ermənilərin də ölkə ərazisində məskunlaşmış digər etnik qruplara verilmiş bütün hüquq və azadlıqlarının təmini səviyyəsində zəmanət verir. Lakin qarşı tərəf bundan artığını iddia edə bilməz. Ermənilər üçün hansısa xüsusi güzəştlər və ya əlavə hüquqlar nəzərdə tutulmur.
Digər tərəfdən, Ermənistanın hazırkı mövqeyini Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək siyasətinin davamı kimi də qiymətləndirmək olar. Belə ki, rəsmi İrəvan Bakının Qarabağ ərazisində «etnik təmizləmə həyata keçirməsi» ilə bağlı fəal informasiya təbliğatı apararaq hələlik ekspertlər səviyyəsində «xilas olmaq üçün ayrılmaq» tezisini qabardır. Guya rəsmi Bakının «ksenofobiya siyasəti» erməni azlığın Azərbaycanın tərkibində qalmasını mümkünsüz edir, bu səbəbdən Qarabağ Azərbaycan dövlətindən ayrılmalıdır.
Göründüyü kimi, erməni diplomatiyası yenə də öz əvvəlki ikili oyunlarını oynayaraq sülh danışıqlarını çıxmaza sürükləyir. Bəs bu oyunun oynalımasında məqsəd nədir? Axı Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyət aldı, revanşist ideyaların ona necə baha başa gəldiyini gördü. Belə olan halda İrəvan rəhbərliyi nəyə ümid edir?
Görünən odur ki, qarşı tərəf sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prosesi hər vəchlə ləngidərək beynəlxalq hüquq baxımından bizim üçün ədalətli, onlar üçün isə ağrılı və qeyri-populyar qərarların verilməsini maksimum dərəcədə ləngitməyə çalışır. Bununla da, özləri üçün əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləyirlər. Əvvəllər olduğu kimi, beynəlxalq konyuktura dəyişən kimi, bir saat ərzində Ermənistanın «konstruktiv yanaşması»da 180 dərəcə dəyişəcək.
Yox əgər, təzyiq artarsa, beynəlxalq vəziyyət gərginləşərsə, Ermənistan hakimiyyətinin Qarabağla bağlı bütün iddialarından tamamilə və birdəfəlik imtina etməsi üçün də əsaslar artıq hazırdır.
Lakin bugünkü durumda əsas sual budur ki, Paşinyan hökuməti Qarabağla bağlı bundan sonrakı fəaliyyətlərinə dair taleyüklü qərarların verilməsini nə qədər uzada bilər?
Rəsmi Bakının bu məsələdə mövqeyi qəti və aydındır. Qarabağ məsələsi bitib və bu bizim daxili məsələmizdir. Bizdən fərqli olaraq İrəvanın mövqeyi isə həm konsturtiv, həm də revanşisit istiqamətə transformasiya etmək potensialına malikdir.
Ermənilərin Qarabağ iddialarından mövcud şəriatdə əl çəkəcəyinə dair bəyanatlarını şübhə altına salan çox mühüm bir məqam daha var. Ermənistan Konstitusiyasında 30 illik qanlı münaqişəyə səbəb olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində separatçıların təşkil etdiyi «referendum»a istinad mövcuddur.
Yəni, ərazi iddiaları ilə bağlı Ermənistanın siyasəti dövlətin DNT-sini təşkil edən əsas qanunla birləşdirilib. Bu səbəbdən, əgər erməni tərəfi baş nazir və Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edirsə, o zaman bu bəndlər ölkə Konstitusiyasından çıxarılmadır. Əks təqdirdə, Ermənistanın danışıqlar prosesini uzatması və qisas almaq üçün məqam gözlədiyini söyləmək üçün çox ciddi əsaslar var.
Bəs İrəvana bu məsələdə yardım edənlər kimlərdir?
Bir neçə gün əvvəl Ermənistan Elmlər Akademiyası elmi standartlardan tamamilə kənar bəyanat verərək Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyini bildirdi. Ardınca Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar «Azadlıq radiosu»nun erməni xidmətinə müsahibəsində bildirib ki, «Qarabağdakı ermənilərin fikirləri nəzərə alınmadan hərtərəfli tənzimləmə mümkün deyil». Bu bəyanatın ardınca isə Rusiyanın dövlət agentliyi sayılan «RİA Novosti» rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın suveren ərazilərində varlığını sürdürən separatçı rejimin nümayəndəsinin çox geniş müsahibəsini dərc etdi. Hansı ki, bu müsahibədə birtərəfli qaydada Azərbaycana qarşı əsassız iddialar yer almışdı. Daha sonra Rusiya Dövlət Dumasının ermənipərəst üzvü Konstantin Zatulin İrəvana gedərək orada separatçı rejim nümayəndələri və Qarabağdakı rus hərbiçilərinin rəhbərliyi ilə görüşlər keçirdi. Belə bir təəssürat yaranır ki, Qərbdə bəzi dairələr tərəfindən Bakının Qarabağ ermənilərinə hansısa səviyyədə muxtariyyət verməsinə dair çağırışlar edilir. Rusiyadakı müəyyən qüvvələr isə Qarabağdakı separatçı rejimlə ikili oyunlar qurur. Rusiya və Brüsselin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı moderatorluğun tamamilə ələ keçiirilməsi istiqamətində rəqabəti də prosesə maneə yaradır.
Lakin hər iki halda Bakının qəti şəkildə qəbul etmədiyi bir amil var - Prezident İlham Əliyev başda olmaqla azərbaycanlılar üçün Qarabağ mövzusu danışıqlar predmeti ola bilməz və birdəfələik bağlanılıb.
Bəzi ekspertlərin qənaətincə, indi Bakı ilə Moskva arasında Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının müddətinin uzadılması, eləcə də ona mandat verilməsi ilə bağlı pərdəarxası siyasi sövdələşmə gedir. Bakının bununla bağlı bir sıra tələblərinin olduğu vurğulanır:
- Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdən separatçı-terrorçu silahlı qruplaşmaların çıxarılması
- Azərbaycan sərhədçilərinin Laçın dəhlizinə yerləşdirilməsi
- Qarabağ ermənilərinin Azərbaycan dövlətinə mərhələli inteqrasiyası və s.
Məhz rusiyalı politoloqlar vurğulayırlar ki, 2-ci və 3-cü bənd Rusiya-Azərbaycan sövdələşməsində maneədir. Çünki onların həyata keçirilməsi Qarabağda hələ də Bakının nəzarətində olmayan 3000 kvadrat kilometr ərazidə Azərbaycanın suverenliyinin tam bərpası demək olacaq. Gələcəkdə bu, heç bir halda Moskvanın geosiyasi hesablamalarına daxil olmayan Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac qalmamasına gətirib çıxara bilər.
Bu yerdə xüsusi olaraq vurğulanmalıdır ki, azırda Azərbaycan sürətlə Laçın dəhlizinin yeni marşrutu üçün alternativ yol inşa edir, istifadəyə verildikdən sonra Azərbaycan tərəfi eyniadlı rayonun inzibati mərkəzi olan Laçın şəhəri üzərində nəzarəti geri qaytaracaq. Alternativ marşrutun tikintisinin başa çatdırılması, ekspertlərin fikrincə, bir-iki ayın işidir - avqust son tarix adlanır.
Azərbaycan azad edilmiş ərazilərdə keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına hazırlaşır və Ermənistanla sərhəddə hərbi potensialını artırır.
Beləliklə, həm diplomatik, həm sosial-iqtisadi, həm də mədəni və hərbi baxımdan Azərbaycan rəhbərliyi tərəfindən Ermənistanın “status tələbi” ilə bağlı arqumentlərini heçə endirəcək qəti addımlar atılır. Qarabağın dağlıq əazisində məskunlaşan ermənilər isə yaxın müddətdə iki seçim qarşısında qalacaqlar. Ya Azərbaycan dövlətinin qanunlarına tabe olacaqlar, ya da bu əraziləri birdəfəlik tərk etmək məcburiyyətində qalacaqlar.