“Avropa İttifaqının Ermənistanda mülki missiyası var və əsas məqsədləri sərhəddə sülhə töhfə vermək idisə, bu gün buna ehtiyac yoxdur. Amma missiyanın saxlanılması Avropa İttifaqı üçün maraqlı olduğu üçün Ermənstan-Azərbaycan arasında gərginliyin qalması onlara lazımdır. Polşa Prezidentinin bu bölgəyə gəlməsinin səbəblərindən biri də budur”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər etməsi, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakı ilə bağlı bildirib.
Ekspert Polşa prezidenti Andrey Dudanın bir neçə gün əvvəl COP29 konfransına qatılmaq üçün Bakıda səfərdə olduğunu vurğulayıb. Onun fikrincə, A.Duda bir neçə gün sonra Ermənistana səfər etməklə Qərbin ənənəvi siyasətinə uyğun olaraq bu region ölkələri arasında bərabərlik işarəsi qoymağa çalışıb.
“Polşa yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcək. Dudanın Ermənistana səfəri Avropa İttifaqının gələcək sədri kimi Ermənistanla hansısa məsələləri aydınlaşdırmaqla da bağlı ola bilər”.
Ə.Mustafa eyni zamanda hesab edir ki, Aİ-nin gələcək sədri Ermənistana gəlməklə bu ölkənin Rusiyaya qarşı onlara nə verə biləcəyini də öyrənməyə çalışır.
“Rusiyanın NATO, Qərblə ciddi qarşıdurması müharibə həddinə qədər gərgindir. Belə bir şəraitdə Ermənistan Qərb üçün nəyə yaradığını aydınlaşdırmağa çalışır”.