Fələstin BMT-yə necə tamhüquqlu üzvü ola bilər?

09:18 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Fələstin Administrasiyası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından (BMT TŞ) təşkilata tamhüquqlu üzvü olmaq üçün 2011-ci ildə etdiyi müraciətə yenidən baxılmasını rəsmi şəkildə xahiş edib.

Hafta.az-ın yazdığına görə, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur bazar ertəsi “Reuters” agentliyinə deyib ki, BMT Təhlükəsizlik Şurası aprelin 18-də Yaxın Şərqlə bağlı nazirlər toplantısında qərar qəbul etməyi hədəfləyir, lakin səsvermənin tarixi hələ müəyyən deyil.

Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul olunması necə baş verə bilər, onun bu beynəlxalq təşkilatdakı hazırkı vəziyyəti necədir?

Fələstin eynilə Vatikan kimi, müşahidəçi statusuna malik BMT-yə üzv olmayan dövlətdir.

2012-ci ilin noyabrında 193 dövlətdən ibarət BMT Baş Assambleyası Fələstinin suveren dövlətinin de-fakto tanınmasını təsdiqləyərək Fələstinin beynəlxalq təşkilatdakı müşahidəçi statusunu “üzv olmayan dövlət” statusuna yüksəltdi. O zaman bu qərarın 138 lehinə, 9 əleyhinə və 41 bitərəf səs verib.

BMT yeni üzv dövlətləri necə qəbul edir?

BMT-yə üzv olmaq istəyən ölkələr adətən Baş katibə ərizə verirlər. Baş katib daha sonra ərizəni qiymətləndirmə və səsvermə üçün 15 üzvdən ibarət Təhlükəsizlik Şurasına göndərir.

Çərşənbə axşamı Mənsur baş katib Antonio Quterreşə məktub göndərərək, Fələstinin 2011-ci ildə tam üzvlük üçün verdiyi müraciətin Təhlükəsizlik Şurası tərəfindən yenidən nəzərdən keçirilməsini istəyib. BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, Quterreş məktubu Təhlükəsizlik Şurasına göndərib.

BMT Təhlükəsizlik Şurasına bağlı komitə əvvəlcə ərizəni qiymətləndirəcək və Fələstinin BMT-yə üzvlük tələblərinə cavab verib-vermədiyini yoxlayacaq. Bundan sonra ərizə təxirə salına və ya Təhlükəsizlik Şurasında rəsmi səsverməyə çıxarıla bilər. Təsdiq üçün ən azı doqquz lehinə səs lazımdır və ABŞ, Rusiya, Çin, Fransa və Britaniya tərəfindən veto qoyulmamalıdır.

BMT Təhlükəsizlik Şurası üzvlük üçün müraciəti təsdiqləyərsə, ərizə təsdiq üçün BMT Baş Assambleyasına göndərilir. Üzvlük ərizəsinin Baş Assambleya tərəfindən təsdiqlənməsi üçün üçdə iki səs çoxluğu tələb olunur. Bir ölkə BMT-yə yalnız Təhlükəsizlik Şurasının və Baş Assambleyanın təsdiqi ilə üzv ola bilər.

2011-ci ildə Fələstinin müraciətinə nə deyildi?

BMT Təhlükəsizlik Şurasının komitəsi Fələstinin BMT-yə üzvlük tələblərinə cavab verib-vermədiyini yoxlamaq üçün bir neçə həftə ərzində müraciətini qiymətləndirib. Bununla belə, komitə yekdilliyə nail ola bilməyib və ona görə də Təhlükəsizlik Şurası Fələstinin üzvlüklə bağlı qətnaməyə rəsmi səs verməyib.

Diplomatlar bildiriblər ki, fələstinlilərin qətnamənin qəbulu üçün lazım olan minimum doqquz səsi yoxdur. Kifayət qədər dəstək alsalar belə, ABŞ qərara veto qoyacağını açıqlayıb.

Siyasət rubrikasından digər xəbərlər